Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-03-2017, 15:16)
Azərbaycan Texnologiya Universitetində “şəffaflıq oyunu”: talanan milyonlar və “üysük oynadan” nurçular


 

       Nurçuların universitetə yığılması Akif Süleymanovun birmənalı xidmətidir

 

Prorektorların əllərindəki alimlik “qılıncı taxtadan, qalxanı isə ələkdən imiş”.

 

Mediatv.az:   Akif Süleymanov Azərbaycan Texnologiya Universitetinə (ATU) rektor kimi 2013-cü ilin 15 martından fəaliyyətə başlayıb. Yeni gələndə hamı onun daha yaxşı işləyəcəyini gözləyirdi. Amma,... sən saydığını say, gör Akif müəllim nə sayır.

      Xalqın “böyük oğlu” A.Süleymanovun vəzifəyə başlayan kimi “şəffaf” işləməyə necə girişməsi, qısa vaxtda Maliyyə Nazirliyinin yoxlamasını başının üstündə görməsi və s. haqqında yenixeber.org-da silsilə yazılarım yer alır. Xatırladım ki, yoxlamanın gedişində 2-3 milyon manat dövlət vəsaitinin “yeyilməsini” eşidən rektor çarəni müalicə adı ilə xaricə getməkdə gördü.“Şəffaf” rektor bu bəd yoxlamadan və səslənən rəqəmlərin qorxusundan balacalaşmışdı. Əslində o, bu vəziyyəti əvvəlcədən görməli, “Gəncədə pul xəzəl kimidir” düşüncəsi ilə işə başlamamalı idi. Gəncə müqəddəs yerdir, ona xəyanət edəni Allah gec ya da  tez rüsvay  edir.

                                        Rektor şahid qismində (?)

Rektor bilməmiş deyil ki, artıq 6 aya yaxındır ki, 152026104 saylı cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində ATU-də baş vermiş 1,3 milyon manat mənimsəmə faktına görə məhkəmə prosesi gedir. Çox maraqlıdır ki, “Ordunu bada vermiş sərkərdə” bu məhkəmə prosesində sadəcə şahid qismində ifadə verəcək. Digər 400 nəfər şahidlərdən  biri kimi.

     Rektorun cızma-qara portreti:

     Kafedra müdiri bir ayda 2 laboranta əlavə əmək haqqı üçün təqdimat yazanda “daş atıb başını tuturdu ” ki, pul yoxdur, bircə nəfərə 15 manat verə bilərəm, dediyini yəqin Akif müəllim unutmamış deyil. Xalq malının üstündə yalandan “əsim-əsim əsən” rektor, o biri tərəfdən “ölü canlara”, işdən çıxmışlara, hətta ölüyə belə maaş yazıb, sənədlərin altından da imza atırdı.  Amma bunlar sadəcə “el atasının” çaşdırıcı gedişləri imiş!

     2016-cı ilin fevral ayının ortalarında Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işindən məlum olub ki, “Abşeron Holdinq 2013” MMC-nin direktoru, təqsirləndirilən şəxs Şirinov Tərxan Ceyhun oğlu ilə Akif Süleymanov arasında ATU-də müəyyən işlərin görülməsinə dair 4 ədəd müqavilə bağlanmışdır. Ümumilikdə 100 min manatdan çox pul MMC-nin hesabına köçürülüb və dərhal da hesabdan çıxarılmışdır. Maraqlı olan odur ki, sözügedən MMC-nin obyekti, nəqliyyat vasitələri, o cümlədən işçi qüvvəsi olmayıb və universitetlə də heç bir iş görülməyib... 

Rektorla sözügedən MMC arasında baş verən bu “xeyir iş”in təməli Akif Süleymanovun universitetdə işlədiyi ilk 10-cu iş günü qoyulub və 2013-cü ilin aprel-avqust aylarında sona çatdırılıb. Bərəkallah, Akif müəllimin əsl siması budur. 10-cu iş günündə 100 min manatlıq əməliyyata imza atan kişinin aldanması real görünmədiyi üçün, sonrakı dövrdə milyonlarla manatın talanması da təbiidir və onun aldanma fikri “cırtdanın nağılıdır”.

                             Bir gün nurçular da sorulacaq...

 İstədim yazını dayandırım, amma Akif Süleymanovla nurçuların “gizli müqaviləsi”Azərbaycanın milli maraqlarına, onun təhsilinə, elminə daha sarsıdıcı zərbələr vəd etdiyindən fikrimdən daşındım, Akif müəllimin halına acısam da...

   

      Hələlik Akif müəllim aradan çıxdığına sevinirsə, tələsməsin “heç bilmək olmaz bu dünyanın işlərini”. Özü də indi, “ordunu bada verdikdən sonra ” yenidən”qoşunun başına gətirilib”, əvvəlki əməllərini daha da iyrənc formada davam etdirdiyi bir dövrdə. Başına yığdığı nurçularla universitetin maliyyəsini və tədrisini dağıtdıqlarına görə çox çəkməz ki, cavab verərlər, inşallah.

       Bir gün soruşarlar ki, 1,3 milyon manatı talan etdirib, yoxlamadan 3 ay sonra, Qafqaz Universitetindən gətirdiyin, elmdən-təhsildən bixəbər, universitetdə cəmi 25 gün adı keçən  nurçulara hər ay 2-3 min manat əlavə əməkhaqqı verilməsi barədə 31 avqust 2015-ci il tarixli 223 saylı əmri imzalamaqla əsl məqsədin nə olub? Həmin əmrdə əsas kimi “Müştəriyə yönümlü proqram”ın rəhbəri Səbuhi Yusifovun təqdimatının göstərilməsi bir çılpaq yalan idi. Çünki Akif müəllim 2014-cü ildə universitetə aid bir kitabça dərc etdirib, orada təhsil naziri cənab Mikayıl Cabbarov, sabiq rabitə və infomasiya texnologiyaları naziri, əziz dostu Əli Abbasov və Gəncə şəhəri icra hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin adından ATU-nun “Müştəriyə yönümlü proqram”ına  demədikləri tərifləri yayımlayanda Səbuhi Yusifov Qaqaz Universitetində Fətullah Gülənin təlimatlarını əzbərləyirdi.

     Nurçuların universitetə yığılması Akif Süleymanovun birmənalı xidmətidir. Ali təhsil müəssisələri ilə bağlılığı olan hər kəs yaxşı bilir ki, prorektorlar rektorun təqdimatı əsasında təhsil naziri tərəfindən təyin edilir. Buradan maraqlı bir sual çıxır-Akif Süleymanov Qafqaz Universitetində  çalışan 35 yaşlı təcrübəsiz, elmdən uzaq, ixtisası ATU-nin profilinə uyğun gəlməyən sosioloq Vüqar İsmayılovu və bələdiyyəçi Səbuhi Yusifovu haradan tanıyırdı ki, onların prorektor vəzifəsinə gətirilməsi üçün təqdimat yazdı. Tanıyırdısa, deməli bu əlaqə təhsillə bağlı olmayıb.

    Rektorun cızma-qara portreti:

    Prorektorların  Qafqaz Universitetindən Azərbaycan Texnologiya Universitetinə gətirilməsinin pərdə arxasında universiteti nurçulaşdırmaq olduğu, onların və gətirdikləri çoxsaylı nurçu dostlarının fəaliyyəti ilə təsdiqlənir.

     Hələ 14 noyabr 2015-ci il tarixdə universitetin 45 illiyinə həsr edilmiş konfransa dəvət olunanlar arasında Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Fətullah Gülənə aid Gürcüstan Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Qafqaz Universitetinin rektoru Ahmet Saniçin xüsusi ilə diqqət mərkəzində olması çox şey deyirdi. Fətullah Gülənə bağlı nurçular əslində konfransda iştirak etməklə ATU-dakı nurçuları dəstəkləyib, onların yanında olduqlarını nümayiş etdirirdilər. Maliyyəsi talan edilmiş universitetdə  nurçulara əlavə 2-3 min manat maaş təyin etməklə kifayətlənməyən rektorun şou-konfrans keçirib, Ahmet Saniçə və digər ali nurçulara ATU-ya bəxş etdikləri “kadrlar ” üçün minnətdarlıq ziyafəti verməsinin izahı yoxdur.

      2015-2016-cı tədris ilində FETÖ-çülərın Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdinə qədər ATU-dakı nurçular dəfələrlə qardaş ölkədə qrup halında ezamiyyətdə olublar. Rektor A.Süleymanov, onun nurçu ətrafı- prorektorlar V.İsmayılov, S.Yusifov və başqaları ayrı-ayrı qruplarda Yıldız Texniki Universitetində, İstanbul Universitetində, Orta Doğu Texniki Universitetində, Yıldırım Bəyazid Universitetində, Bilikənt Universitetində, Hacəttəpə  Universitetində rəsmi işgüzar görüşlər keçiriblər. Hal-hazırda bu universitetlərdən onlarla FETÖ-çü xaric olunub, həbs olunanların olduğu Türkiyə KİV-dən məlumdur. Hətta ATU-un nurçu dəstəsinin Yıldız Texniki Universitetinin görüşündə olduğu rektoru FETÖ-çü imiş və 100-dən çox professor-müəllim heyəti ilə birlikdə işdən kənarlaşdırılıb, aralarında həbs olunanlar var. Əslində ATU-dən Türkiyə ali məktəblərinə gerçəkləşdirilən ezamiyyətlərin arxasında FETÖ-çülərlə görüşün detalları hələ gizlidir, yəqin ki, əlaqədar təşkilatlar bu sirri çözərlər. Çox maraqlıdır ki, ATU-nun nurçu dəstəsi daha Türkiyəyə getmirlər, “əlaqə yaratdıqları” universitetlərin adlarını belə çəkmirlər.

      Rektorla nurçuların özlərinə yüksək maaş təminatından sonra tualetyamama və nurçuların “tualet-məbədi” üçün xərclədikləri təxminən 90 min manat onların fəaliyyətlərini ifşa edən tutarlı faktlardan biri sayıla bilər. Vaxt gələcək bunların hamısına görə cavab verəcəklər.

      Çox çəkməz ki, “şəffaf”lıqla ad çıxarməş rektordan soruşarlar ki, 2016-cı ilin 11-12 sentyabrında qeyd olunan “Qurban Bayramı”na  görə nurçulara etibarlı sayılan bir qrup işçinin hər birinə 550 manat olmaqla, təxminən 23 min manat, “mükafat” yazıb, sonra da onun yığılmasını kim təşkil etdi? Soruşarlar ki, universitetin baş nurçusu Vüqar abinin bu “mükafat” olayında iştirak dərəcəsi nə qədər olub? Düzdür, Akif müəllim deyəcək “xəbərim yoxdu”, unudacaq ki, müvafiq əmrə rektor kimi imza atıb. Vüqar abi bu iş gizli saxlanılsın, göstərişini versə də anlayacaq ki, “başını kola soxan dəvənin quyruğu” onu həmişə ələ verir. Nə oldu bəs şəffaf idiniz Akif müəllim, Vüqar abi? Sizlər şəffaf filan deyilsiniz, bu şəffaflıq oyununuz cəmiyyəti, yuxarı təşkilatları aldatmağa xidmət edir. Bir də sizdən “bac alan” ağalarınızı aldatmaq üçün, oğurladığınız pullardan daha çox  çırpışdırmaq üsulunuzdur.

    Rektorun cızma-qara portreti:

    Nurçuların inancının Fətullah Gülən olduğu məlumdur, bəs namaz qılan Akif müəllim niyə unudur ki, Qurbanlıq sahibi hər şeyi bilir və görür. Akif müəllim bilməli idi ki, Allah ona arxa çevirənləri sevmir.

     Qurban Bayrabına haramlıq qatılmasından heç bir ay keçməmiş turniket kartından yığdıqları pul burunlarından gəldi və ifşa olundular. 4-13 noyabr 2016-cı il tarixlərində universitetin girişinə quraşdırılmış turniketdən istifadə etmək üçün 2000 tələbə, 250 professor-müəllim, üstəgəl texniki işçidən təxminən 17 min manat kart pulu yığdırılıb. Bu məqsədlə tələbələrə telefonaqramma da göndərilib.

      Bu pulyığma əməliyyatını Təhsil Nazirliyi və Gəncə şəhəri icra hakimiyyətində də bildilər. 13 noyabrda bu cibgirliklə əlaqədar olaraq rektor və təlim-tərbiyə işləri üzrə prorektor nazirliyə çağırıldılar və nədənsə təkcə prorektor istefa verdi. 8 noyabrda Gəncə şəhəri İH-indən gələn yetgililər qanunsuz yığılan pulların geri qaytarılması barədə göstəriş versələr də pula həris abilər bunu yarımçıq yerinə yetirdilər. 22 noyabrda qəbul vaxtı rektor gileylənirdi ki, burda necə adamlar varmış, pulu almaq üçün növbəyə dururlar. Bu “şəffaf” rəhbərlər hələ başa düşmürlər ki, “cibgirlər” utanmalı idilər, oğurlanan pullarını geri alanlar yox. Nə deyəsən, nurçuların şəffaflığı belə olurmuş.

       Bu hadisədən iki ay sonra, yəni 5.12.2016-cı il tarixdə Vüqar abinin universitetdəki Heydər Əliyev Muzeyində özünə keçirdiyi ad günü şənliyi ifşa olundu. İctimaiyyət və əlaqədar təşkilatlar ATU-dakı nurçuların hansı tərbiyə, əqidə sahibi olduqlarını faktlarla gördülər. Bu gün artıq faktdır ki, Ulu Öndər Heydər Əliyevin portretinin üstünü örtüb, önündə Vüqar abi ilə şəkil çəkdirən  və ya orada əl-qol atan, kefi kök nurçu tör-töküntüləri rektordan və başqalarından üz görürlər. Bəlkə bu sayğısızlıq nəyəsə mesajdır...

                                     Saxta dissertasiya işləri...

 Qurbanlıq Bayramında baş verən  “mükafat” olayından 3 ay sonra məlum oldu ki, dekan işlədilən Azər Hüseyndən başqa, nurçu prorektorlar V. İsmayılov və S.Yusifov da dissertasiya işini özü yazmayıb, işdən xəbərləri belə yoxdur. Hamı bildi ki, onların əllərindəki alimlik “qılıncı taxtadan, qalxanı isə ələkdən imiş”.

      Rektorun cızma-qara portreti:  

     Bu barədə müvafiq ölçü götürülməsi üçün əlaqədar təşkilatlara artıq müraciət olunmuşdur. Yaxın 10 günə elmi işlər üzrə prorektor kimi  işlədilən, əmək müqaviləsi olmayan S. Yusifovun dissertasiyasına hazırlanan rəy sosial şəbəkədə yayımlanacaq. Bir az əvvəl Vüqar abinin “elmi işi” yayımlanıb. A.Süleymanov və A. Hüseyn kimi digər “alimlər”in dissertasiya işlərinə münasibət növbədədir...

     Qurban Bayramını fürsət bilib, 120-130 manat maaş alan işçilərə yardım etmək əvəzinə nurçu dəstəsinə “mükafat” yazıb, onu yığdıran “vüqarlı” universitet rəhbərliyi Allahın köməyi ilə hələ çox ifşa olunacaqdır. Eşitmişik, babalarımız çörək verməklə ad çıxarıblar. Akif müəllim və onun nurçu dəstəsi çörək kəsməklə öyünürlər.

      İndi o da  məlum olub ki, bir ildən çoxdur Vüqar, Səbuhi və Azər abilər dosent olmadıqları halda rəsmi sənədlərdə, toplantılarda özlərini dosent kimi təqdim edirlər. Bu saxtakar (rusca- самозванец) alimlər dissertasiya yazmadıqları kimi  onların dosent  elmi adları da yoxdur. Sadəcə baş müəllimdirlər. Eyni ilə rektor A.Süleymanov da 4 ildir ki, özünü yalandan professor kimi təqdim edir. Onun ancaq dosent elmi adı vardır. Atalar düz deyib: “Atı atın yanına bağlayarsan ya xasiyyətini götürər, ya da rəngini”.

     Deyilənə görə saxtakar dosentlər və saxtakar professorlar rəsmi attestatlar olmadan illərdir ki, olmayan elmi adlara görə əmək haqqına əlavə də alırlar. Bu da saxtakarların şəffaflıq nümunələrindəndir, həm saxta elmi adla özlərini cəmiyyətə alim kimi sırıyırlar, həm də universitetin “cibinə” girib pul çırpışdırırlar. Hələ utanmadan  göstəriş də veriblər ki, heç kim başqasının nə qədər maaş aldığını bilməməlidir.

     Rektorun alimlik keyfiyyətlərindən biri də bəzi müəllimlərin yazı-pozusuna şərik çıxmasıdır. A.Süleymanovun özünü cəmiyyətə 150 elmi-metodiki işin, 12 dərsliyin və s. müəllifi kimi təqdim etməsi inandırıcı görünmür. 1976-cı  ildə ali məktəbi bitirən şəxsin 19 ildən sonra texnika üzrə fəlsəfə doktoru, lakin bundan 16 sonra elmlər doktoru elmi dərəcəsi alması bir çox suallar doğurur. Özü də nəzərə alsaq ki, mövzuya uyğun 1-ci məqaləsini Akif müəllim 2003-cü ildə dərc etdirib, onda anlaşılır ki,  o, doktorluq dissertasiyasını 10 ilə yerinə yetirib. 2001-ci ildən kafedra müdiri işləyən şəxsin vaxtının az olması nəzərə alınsa, daha ciddi, daha böyük həcmli işə az vaxt sərf etməsi onun sonradan biliyinin artması ilə izah oluna bilməz. Əgər rektorun bu qədər elmi işə sahib olması həqiqətə uyğun olsaydı, onda onun tabeliyində olan şəxslərə yalvarıb onların kitab, ixtira və ya məqalələrinə adını yazdırmazdı. Məsələn, işlədiyi universitetdə “uzun borunun bir ucuna fırlana bilən pər bağlamaqla” otaqda və s. qapalı sahədə çirkli havanın sorulmasını “təmin edən” ixtiranın müəllifi olduğunu reklam edən rektor ixtira düsturunu yazmaq bir yana, heç onun növlərini belə bilmir. Əgər onun ixtiraçılıq qabiliyyəti, ümumilikdə elmi işə bağlılığı olsaydı ixtisası üzrə dissertasiya işi üzərində işləyəndə, müasir dövrdə  sürətlə inkişaf edən komputer elmlərinin sahələrinin hər hansı birindən heç olmasa bircə ixtirası olardı. Amma yoxdur. Lakin rektor olan kimi başqa sahədən “boruya pər bağlamaqdan” ixtira etməsi onun “alimliyini” ortaya qoyur. Akif müəllim,  əsl alim başqasının elmi işinə şərik çıxmaz!

      2015-2016 tədris ilində Akif müəllim M481a qrupunda magistrlərə dərs deməli idi. Bir saat belə dərsə gəlməyən rektorun qrupunda hamının semestr imtahanından 5 alması faktdır. Özünə deyəndə deyir ki, vaxtım olmayıb, dərs deməmişəm. Bəs tələbələr imtahandan necə keçdilər? Bəs onda böyük həcmli dərsliyi, ixtira və ya elmi məqalələri necə yazırsan?...

 

    Əmək Müqaviləsi olmadan prorektor işlətdiyin Vüqar abi yazmadığı dissertasiyada “Mündəricatı”, elementar sxemləri tərtib edə bilmirsə, özünün bilmədiyi fənnlərdən dərs dediyi tələbələrin yüksək qiymətlər almaları “şəffaflığın” nəticəsi deyilmi? Piri abi və b. həmçinin dərs deməyi bacarmayan “müəllimlər” sırasındadırlar. Lakin onlar hələlik olmayan bilikləri ilə başqalarının bilik səviyyələrini qiymətləndirməkdədirlər. Universitetdə bu gün tədris-elm yalanlarla doludur. Universitet yalançı rəhbərlərin əlində girovdur, deyilsə daha düz olar. Bu gün universitet, bilərəkdən, “Əlinin papağı Vəlinin başına,  Vəlinin papağı Əlinin başına qoyulmaqla” idarə olunur. Çünki belə olan halda heç kim danışmır, vüqarlı nurçular yalanı düz kimi yuxarı-aidiyyatı təşkilatlara və ictimaiyyətə sırıya bilirlər. Akif müəllimlə nurçuların eyniliyi universiteti tamamilə ələ keçirməyə xidmət edir.

Nurçular gələndən sonra onlara az-çox mane ola bilən ixtisasçı mütəxəssisləri-professorları, dosentləri universitetdən uzaqlaşdırmaq “siyasəti”ni gerçəkləşdirirlər. Belə ki, 2015-ci ilin oktyabrında müsabiqə yolu ilə həyata keçirilən dekan seçkisində “İstehlak mallarının texnologiyası və ekspertiza” fakültəsinə mən seçildim. Lakin rektor nurçuların  gətirdiyi  seçilməmiş bir nurçunu dekan vəzifəsinə təyin etdi. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi 19.01.2016-cı il tarixində çıxardığı qətnaməsi ilə rektorun müvafiq dekan təyinetmə əmrini ləğv etdi. Bu qərarı həzm edə bilməyən “üysük oynatmaq” üsulunun yaradıcıları  olan nurçular 3.02.2016-cı il tarixində universitet Elmi Şurasında yeni fakültələr yaratmağa girişdilər. Mövcud olan 3 texnika profilli fakültənin kafedralarını nurçulara məxsus ”üysük oynatma” üsulu ilə bir-birinə qarışdırıb yenidən qruplaşdırdılar (birinci qruplaşdırma:-C.H.). Bu yeni fakültəyaratma əməliyyatında iki məqsəd var idi. Birinci, dekan təyinetmə əmri məhkəmə tərəfindən ləğv edilmiş fakültənin artıq olmadığını göstərmək, ikinci həmin fakültənin tərkibində olan “Tekstil və yüngül sənayenin texnologiyası” kafedrasını tamamilə ləğv etməklə mənim müsabiqə yolu ilə seçildiyim kafedra müdiri olmağıma xitam verə bilmək. Nəticədə hər iki məqsədə nail olublar. Toxuculuq, trikotaj, ayaqqabı və s. ixtisas sahələrindən olan müəllimləri, heç bir aidiyyatı olmayan şərab, çörək, konservləşdirmə və s. ixtisas müəllimlərilə “Qida məhsullarının və istehlak mallarının texnologiyası” adlı, dünyada analoqu olmayan, həftəbecər kafedranın tərkibində işləməyə məhkum etdilər...

     Yeni yaradılan fakültələrin adları belə oldu: “Mexanika və metallurgiya mühəndisliyi”, “Qida və tekstil mühəndisliyi”, “Avtomatika, telekommunikasiya və informatika”, “İqtisadiyyat və idarəetmə”.

      Bu gün heç kimə sirr deyil ki, Akif müəllim “dədə” deyərək əlindən pul aldığı, yemək yeyib, su içdiyi adamları bir-bir güdaza verir. Borc pul aldıqlarını işdən çıxarır ki, pulu qaytarmasın, adına ixtira yazanı işdən çıxarır ki, iz itsin.

    Rektorun cızma-qara portreti:

    Rektorla əlbir olan nurçular növbəti mərhələdə bəd əməllərinə mane olan, müsabiqə yolu ilə seçilmiş iki dekanı- bir il əvvəl pəh-pəhlə yaratdıqları “Qida və tekstil mühəndisliyi” fakültəsinin dekanı dosent Məsim Abadovu  və “Mexanika və metallurgiya mühəndisliyi” fakültəsinin dekanı dosent Həsən Musayevi tutduqları vəzifədən uzaqlaşdırmaq üçün iki fakültənin kafedralarını nurçulara məxsus üsulla yenidən qruplaşdırıb (ikinci qruplaşdırma:-C.H.), universitetin “ələbaxım”  Elmi Şurasının 22.02.2017-ci il tarixli 6 saylı iclasında iki yeni fakültə yaradılmasına nail olublar.

     Yeni yaradılan fakültələrin adlarının belə olması gözlənilir: “Qida və maşın mühəndisliyi” və “Yüngül sənaye mühəndisliyi və mexanika”. Burada bir neçə məqama açıqlıq gətirmək lazımdır. Bir il bundan əvvəl gerçəkləşdirilən birinci qruplaşdırmada “Teksti və yüngül sənayenin texnologiyası” kafedrasını, universitetdə yeganə ixtisasçı elmlər doktoru, professor olaraq məni sıradan çıxarmaq üçün ləğv etdilər. Özü də bunu o vaxt etdilər ki, Prezidentimiz cənab İlham Əliyev ölkə iqtisadiyyatının şaxələndirilməsində tekstil və yüngül sənaye sahələrinin inkişafını xüsusilə vurğulayırdı. Lakin Heydər Əliyev Muzeyində ad günü keçirən və “Qurbanlıq Bayramını” fürsət bilib “mükafat” yazaraq pulları yığdıran nurçubaşı Vüqar abi və Akif müəllimin gözünə Ulu Öndər, ölkə rəhbəri, ölkənin maraqları görünmürdü.

      Bu barədə başda prezidentimiz olmaqla bütün əlaqədar təşkilatlara şikayət məktubları yazmağımın  nəticəsidir ki, ikinci qruplaşdırmada, adı dəyişsə də, “Yüngül sənaye mühəndisliyi və mexanika” adlı kafedra yaratmağı planlaşdırıblar. Bu faktın özü bir il əvvəl “Tekstil və yüngül sənayenin texnologiyası” kafedrasını bağlamağın əsassız və qərəzli olduğunun göstəricisidir.

     Yeni ikinci qruplaşdırmada başqa məqsəd, yuxarıda deyildiyi kimi, hər iki mövcud fakültənin dekanlarını vəzifədən uzaqlaşdırmaqdır. Bu “təmizləmə” əməliyyatının səbəblərindən biri odur ki, dekan H. Musayev dekan müavini nurçu Fədai abini, vəzifəsinə aid olmayan fəaliyyətlərinə görə vəzifəsindənçıxarılmasına nail oldu.İkincisi odur ki, Həsən müəllim obyektiv və savadlı alimdir. O, müşavirələrdə, Elmi Şuranın iclaslarında və s. toplantılarda universitetin düzgün idarə edilməməsinə, ədalətsizlikərə qarşı barışmaz mövqeyinə, xüsusilə “Müştəriyə yönümlü proqram”la heç bir iş görülməməsinə, maliyyə və elmi hesabat veriməməsinə və s. görə etirazını bildirmişdi. 4 noyabr 2016-cı il tarixindən sonra turniket kartı üçün tələbə və işçilərdən pul yığılmasına etiraz etmişdi. Universitetdə baş verən özbaşnalıqlara etiraz etməsinədözümsüzlük göstərənuniversitetin rəhbərliyi çarəni Həsən müəllimin də dekan vəzifəsindən getməsində gördü.

      Digər fakültənin dekanı M.Abadovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Həsən müəllimin rəhbəri olduğu fakültədə dekan müavini vəzifəsindən çıxarılmış Fədai abini özünə müavin götürməməsidir. Bu iki fakültədə nurçu rəhbərin olmaması unuversitetin nurçularının xoşuna gəlmirdi. Hər iki dekanın ixtisasçı kimi yüksək biliyə malik olmaları, ixtisasçı olmayan, elmdən uzaq nurçubaşılarını narahat etməyə bilməzdi. İstədiklərini həyata keçirmələri üçün onlara bilikli, savadlı, mütəxəssis alim-pedaqoqlar gərək deyil. Öz gizli planlarını təhlükəsiz, aşkar olunmadan həyata keçirə bilmək üçün universitetin rəhbərlərinə heç nə görməyən, danışmayan, lal-kar kadrlar lazımdır...

       Hələlik isə nurçular universitetdə oğurladıqları pullardan maksimum çırpışdırmaq üçün, “biz şəffaf işləyirik” yanıltmaclarını yaymaqdadırlar. Onlar bu yolla “bac verdikləri” adamları aldatmağı düşünürlər. Universitetdə süni narazılıq yaratmağın məqsədi də “bac alanları” aldatmaqdır.

       Bu üsullar çoxdan sınaqdan keçirilib. “Bac alanı” aldatmaq üçün ağlaşma qururlar ki, universitetdə narazı adamlar var ki, pul oğurlamaq, tələbədən  pul almaq mümkün deyil və s., və i.a. “Bac alan” da fikirləşir ki, yəqin elədir, vüqarlar yalan deməzlər... Amma həqiqət elə deyil,  universiteti Akif müəllim və “vüqarlı” nurçular Allah dağıtmış kimi dağıdırlar...

      Nurçular universiteti tam “işğal” etmək istəyi ilə, bizə bilinməyən məqsədlərinin reallaşdırılması üçün, universitetin maliyyəsini və tələbə kontingentindən əldə oluna biləcək milyonlarla pulu tamamilə mənimsəməyi hədəfləyirlər. Onlar işığına yığıldıqları bu milyonların dəqiq hesabatını çoxdan, universitetə yığılandan əvvəl aparıblar...

 

       ATU-nin sabiq kafedra müdiri, t.e.d., professor Cahangir Hacıyev

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

Yenixeber.org

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024