Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Sosial (13-07-2015, 16:02)
Ölmək necəyədir?-“Qəbir biznesi”- milyonlar kimin cibinə axır

Cavanşir Tağıyevin nəzarətində olan “qəbir biznesi”- milyonlarƏhaliyə Vətəndaşlıq Xidməti Trestinin mövqeyi və gerçəklik: kimisə inandırmaq müşkül məsələdi, qəbr yerinin pulla və ya pulsuz alındığını dəqiq sübut etmək üçün, yalnız ÖLMƏK lazımdır…



Həyatın ən ağrlı hadisəsi hansısa doğmasının dünyadan köçməsi sayılır. Ancaq Azərbaycanda belə hadisənin baş verməsi yalnız mənəvi iztirabla bitmir. Ölkədə qurulan və adına “Yas biznesi” deyilən bir şəbəkənin cənginə keçən ölü yiyəsinin maddi cəhətdən qara günləri elə doğması dünyasını dəyişən andan başlayır. Bir müddət əvvəl, yas mərasimlərində olan dəbdəbənin yığışdırılması ilə bağlı dövlətin bəzi qurumları səviyyəsində başlanan kampaniyaya qarşı ciddi dirənişin göstərilməsi “yas mafiyası”nın nə qədər dərin köklərə malik olmasından xəbər verdi. Hətta, iş o yerə çatdı ki, cəmiyyətdə çox tanınmış adamlar yaslardakı dəbdəbənin yığışdırılması kampaniyasına açıq mətnlə etirazlarını bildirməkdən belə çəkinmədilər. Əslində isə, nə İslam, nə də dünyəvi parametrlərə uyğun gəlməyən yas məsrəfləri ölkə əhalisinin bütün təbəqələrini ciddi narahat etməyə başlayıb. Bununla bahəm cumhuriyyet.az olaraq apardığımız araşdırmalar bu sahədə milyonların dövr etdiyini göstərir.
Yeni qanun
Hadisələrin gedişindən görünür ki, dövlət bu sahədə olan qanunvericilik bazasını təkmilləşdirməklə mənfi təzahürlərin aradan qaldırılmasında maraqlıdır. Artıq Azərbaycanda insanın dəfn edilməsi qaydaları, qəbirlər, məzar daşları və onların ölçüləri ilə bağlı yeni qanun layihəsinin hazırlandğı bildirilir. Yeni qaydalara görə, təzə qəbiristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbiristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər. Hər bir məzarın ümumi sahəsi 5 kvadratmetr olacaq. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 santimetr, eni 40 santimetr kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 santimetr kimi nəzərdə tutulub.
Azərbaycanda dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hələ ötən il qəbrin yerlərinin icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verildiyini deyib: “Ancaq qəbrin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər”.
Ümumiyyətlə, uzun zamandır dəfn mərasimlərində müəyyən dəyişikliklər, bahalı və təmtəraqlı qəbirlərə qadağa qoyulması ilə bağlı müzakirələr gedir. Təəssüf ki, Azərbaycanda elə qəbir daşları var ki, sadəcə, oturub tamaşa etmək istəyirsən. Fikirləşirsən ki, bu cür qəbir daşı qoyduran insanın məqsədi nədir? Qonşu ölkələrin qəbiristanlıqlarına nəzər salsaq, orada ölülərin standart qəbirlərdə, baş daşları ilə dəfn olunduğunu görərik. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi VİP qəbirlər və qızıl qiymətinə bərabər olan baş daşı anlayışı yoxdur.
Milyonlar kimin cibinə axır?
Gəlin, ölülərimizin üzərində əməlli başlı biznes quran və dövət qulluqçusu adı ilə pərdələnən şəbəkənin qazandığı qara pullara diqqət yetirək. Statistikaya görə, hər il Azərbaycanda orta hesabla 50 min adam vəfat edir. Bu, həm də 50 min ailə büdcəsinin «dəfn xərci»ndən silkələnməsi deməkdir. Təbii ki, xərclər hər ailəyə və onun çevrəsinə görə dəyişir. 
Beləcə, bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır. Dövlət Sosial Müdafiə Fondu mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 manat müavinət ödənir. Düzdür, bunun bir «əmması» da var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir.
Lakin bununla belə, bu qəbiristanlıqda da ən aşağı qiymət belə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən müəyyən edilmiş dövlət rüsumlarından bir neçə dəfə bahadır. Trest tərəfindən idarə olunan 32 qəbristanlıqda uzunluğu 2,4 metr, eni 1,4 metr və dərinliyi 1,4 metr ölçülü qəbirin yeri üçün 49 manat, qəbirin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə, materialların qiyməti istisna olmaqla, 63 manat müəyyən edilib. Əgər ölü tabutla dəfn olunursa, qiymət 79 manata qalxır.
“Qəbir biznesi”nin doğurduğu acı fəsadlardan biri…
Bir müddət əvvəl, Binəqədi qəbristanlığının müdiri bir ailə tərəfindən əvvəlcədən alınmış 15 qəbir yeri ilə bağlı yaranmış qalmaqalda həmkəndlisini bıçaqlamışdı. Buna səbəb isə daha 7 qəbir yeri almaq istəyən imkanlı kənd sakinlərinin məqsədlərinə çatmadıqda qəbristanlıq müdirinin oğlunu güllə ilə vurması olmuşdu. Hadisə ilə bağlı artıq bir neçə adam həbsxanadadır.
Göründyü kimi, hamısı dövlət torpağı olan qəbiristanlıqlarda möhtəkirlər tərəfindən böyük gəlirlər gətirən qeyri-rəsmi bir biznes qurulub. Hər il Bakıda qeydiyyatda olan 12 minə qədər insan dünyasını dəyişir və şəhərdə məskunlaşmış məcburi köçkünlər də nəzərə alınarsa, bu rəqəm 15 mini keçir. Möhtəkirlərin hər qəbirdən əldə etdiyi qanunsuz gəlirin orta hesabla 300 manatı keçdiyi nəzərə alınarsa, bu günah dövriyyəsinin gəliri ildə ən azı 4-5 milyon manata bərabər olur. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmuş həmin kontingent həm də dini baxımdan böyük günah işlətmiş olur. Hər halda, onlar bu əməlləri ilə torpaqdan yaranmış bəndənin torpağa qayıtmasına şeytani maneçilik törədirlər. Əslində, qəbir yerlərinə dövlət qiymətinin müəyyən edilməsi də bir növ məntiqə sığmır və insanın ölmək kimi təbii haqqını bir növ qohumları üçün çətin bir prosesə çevirir. 
Yəni ölü yiyələri bilmirlər ki, acılarını paylaşsınlar, yoxsa dəfn üçün pul axtarsınlar. Kimsəsizlərin dəfni isə günlərlə uzanan çətin bir prosesə çevrilir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi fətvasında qəbir yerlərinin satılmasını, bu yerlərə qiymət kəsilməsini dinsizlik sayır: “Biz fətva vermişik ki, qəbir yerlərini satmaq olmaz. Hər adamın eni 1 metr, uzunu 2 metr olan yerdə dəfn olunmaq hüququ var. Bunu dəfələrlə demişik, Qazilər Şurası fətva da verib, qulaq asan yoxdur, dinsizlikdir. Həmin adamlar din barədə yox, yalnız pul barədə düşünürlər”.
Yas sahiblərinin çəkdiyi xərclər yalnız bununla bitmir — ölünün yuyub kəfənləmək təxminən 60 — 65 manata başa gəlir, mollanın 1, 3 və 7 günlərini yola verməsi üçün 200 — 250 manat lazımdır. Ən çox pul aparan məsələ isə yas mərasimidir — kirayə şirkətləri 60 nəfərlik çadırın gününü 200 manata təklif edirlər, aşpaz və 2 nəfər xidməçi də əlavə etdikdə qiymət 260 manata qalxır. Bəzi çadırlar yemək də təklif edirlər və adambaşına qiymət 16 — 20 manat arasında dəyişir. Bəzi ailələr yeməyi özləri təşkil edirlər və bu, xərcləri nisbətən azaldır. Bununla belə, mərasim xərcləri orta hesabla 5 — 7 min manat arasında dövr edir.
8 min manata qəbir yeri satılır
Qeyd edək ki, bütün bu “qara” biznesin qəbirlərə aid olan hissəsinin arxasında uzun illərdir bu sahəyə rəhbərlik edən Vətəndaş Xidməti Trestinin müdiri vəzifəsində çalışan Cavanşir Tağıyev adlı şəxs durur. Hazırda Cavanşir Tağıyevin “biznesi” bütün Abşeron yarımadası üzrə öz intibah dövrünü yaşayır. Çünki mərkəzdəki qəbiristanlıqlarda yerlər dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Mərkəz ərazilərlə müqayisədə şəhər kənarında qəbir yerləri nisbətən ucuzdur. Məsələn, şəhərdə 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Biləcəri qəbiristanlığında 1 qəbr yerinin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yeri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.
Bir çoxları ailə üzvlərini nəzərə alaraq qəbir yerlərini bütöv bir ailə sayına görə əvvəlcədən alır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azaldığından bundan istifadə edən işbazlar qiyməti artırıblar. Elə götürək Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlığı, həmin ərazidə də torpaqlar baha qiymətə satılır. Belə ki, Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda əvvəlcədən lazımi adamlarla danışıb bazarlaşsan, qəbir yeri üçün torpağın 1 sotunun qiyməti 5000-7000 manat arasında dəyişir. Belə yerlər də qəbiristanlığın “ucqarlarında”, hələ ki, “insan ayağı” dəyməyən sahələrdir. Qabaqcadan danışmaqla ucqarlardan bu qiymətə yer tapmaq olur. Onu da deyək ki, Yasamal qəbiristanlığında boş yer çox azdır. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq, “özəlləşdiriblər”. Burada cəsədini gözləyən qəbir yerləri çoxdur.
“İslam dininə görə insan dünyasını dəyişəndə qəbirdə dəfn olunur. Bu barədə Allah Təala belə buyurur: “Sonra Allah Təala insanı öldürüb qəbirə qoydu” (Qurani Kərim, Əbəsə surəsi 21-ci ayə).
Allah təala mübarək kitabında insanı torpaqdan yaratdığını və daha sonra torpağa dəfn edəcəyini xəbər verib. Allah təala insanı torpaqdan yaratmış, torpaqda yaşadır və torpağa dəfn edir. Yəni torpağın sahibi uca Allahdır və insanı orada məskən salması və orada ölməsi üçün ona böyük bir hədiyyə olaraq vermişdir. Allah təala insanın dəfn olunması üçün torpaqların satılmasını əmr etməyib.”
Yoxlamaq üçün ölmək lazımdır
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da paytaxt qəbiristanlıqlarında torpaq sahələrinin məhdud olduğunu söyləyir və qəbr yerlərinin pulla satılmasının qadağan olunduğunu bildirir: “Qəbir yerləri pulla satılmır. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlar üçünsə – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. Digər materailları isə vətəndaş almalıdır. Bizim trestə 32 qəbiristanlıq daxildir. 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır. Xırdalan məzarlığının paytaxta yaxın hissəsi, bizə əks tərəfdəki hissəsi isə Abşeron rayonuna tabedir. Odur ki, bizim qəbiristanlıqlarda yerlərin pulla satılması halları yoxdur. Paytaxtın mərkəzi yerlərində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür.”
Heç kimin qəbir yerini satmağa ixtiyarı olmadığını bildirən Sabir Həsənov qəbir yerlərinin sənədləşdirildiyini deyir. “Həmin qəbir yerləri sənədləşdirilir. Odur ki, heç kim qəbir yerini sata bilməz. Yəni qəbir yerləri pullu deyil. Əgər kimsə belə hallarla rastlaşarsa, trestin “qaynar xətt”inə 510 83 08 müraciət edə bilər.”
Bəllidir ki, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti rəsmisinin verdiyi açıqlamada səsləndirdiyi fikirlərə özündən başqa kimisə inandırmaq müşkül məsələdi. Çünki Bakıda qəbr yerinin pulla və ya pulsuz alındığını dəqiq sübut etmək üçün, yalnız ÖLMƏK lazımdır… bolgexeber.com

 

 



Reklam
Xəbər lenti
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı