Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-04-2017, 15:29)
Azərbaycan-Qazaxıstan: nümunəvi əməkdaşlıq modeli

Azərbaycan-Qazaxıstan: nümunəvi əməkdaşlıq modeli

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri əhəmiyyətli hadisə kimi analiz edilir. Ekspertlər iki ölkə arasında əlaqələrin xarakter və məzmununda müsbət irəliləyişlərin olduğunu vurğulayırlar.

Mediatv.az newtimes.az-a istinadən xəbər verir ki, parılan müzakirələr və imzalanan sənədlər göstərir ki, Astana və Bakı müxtəlif sahələr üzrə münasibətləri yeni səviyyəyə yüksəltməyə qərarlıdırlar. Buraya iqtisadi, ticari, mədəni, humanitar, təhlükəsizlik, nəqliyyat-logistika kimi mühüm sferalar daxildir. Regional miqyasda sınaqdan keçirilmiş əməkdaşlıq modelinin qlobal səviyyəyə genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərinə ayrıca önəm verilir.

Uğurlu model: ziddiyyətsiz münasibətlərin inkişaf perspektivləri

Yeni müstəqil ölkələr arasında səmərəli əməkdaşlıq qurmaq asan məsələ deyil. Təcrübə göstərir ki, uzun müddət eyni bir dövlətin tərkibində olmalarına baxmayaraq, keçmiş sovet respublikaları arasında müəyyən gizli ziddiyyətlər mövcuddur. Bunun ən kəskin forması kimi Ermənistanın Azərbaycana ərazi iddiaları və qanlı cinayətlərini göstərə bilərik. Hazırda postsovet məkanında müşahidə edilən ixtilaflı proseslər bu aspektdə bir çox məqamları açıq göstərir. Qazaxıstanla Azərbaycan arasında heç bir ziddiyyətli, həll edilməmiş məsələ qalmayıb.

Prezident Nursultan Nazarbayev bu barədə Bakıda fikrini bildirərkən deyib: "Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır. Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub" (bax: Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 3 aprel 2017).

Qazaxıstanın dövlət başçısı onu da vurğulayıb ki, "bizim eyni tariximiz, mədəniyyətimiz, dilimiz, ümumi köklərimiz var və bu da bizi yaxınlaşdırır" (bax: əvvəlki mənbəyə). Təbii ki, bunlar olduqca əhəmiyyətli faktorlardır. Bununla yanaşı, təcrübə də göstərir ki, bir-birinə çox yaxın olan ölkələr heç də həmişə əməkdaşlıq edə bilmirlər. Misal kimi Rusiya və Ukraynanı, yaxud Şimali Koreya ilə Cənubi Koreyanı göstərə bilərik. Deməli, qarşılıqlı faydalı əməkdaşlıq üçün başqa amillərin də olması lazımdır.

Qazaxıstanla Azərbaycanın bir-birinə yaxınlaşmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev də bu istiqamətdə çox dəyərli addımlar atıb. Hazırda Prezident İlham Əliyev həmin əsasda əməkdaşlığın daha da inkişaf etməsi üçün fəallıq nümayiş etdirir. Qazaxıstanın Prezidenti çıxışında deyilənləri xüsusi vurğulayıb. Bunları iki ölkə arasında əməkdaşlığın səviyyəsi və perspektivləri də tam təsdiq edir. Son Bakı görüşündə tərəflər əhəmiyyətli sənədlər imzalayıblar. Onlar ticarəti, nəqliyyatı, kənd təsərrüfatını, vergi sistemini əhatə edir. Bunlara əlavə olaraq, prezidentlər enerji sahəsində əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması ilə bağlı məzmunlu müzakirələr aparıb, konkret nəticələrə gəliblər.

Yuxarıda vurğulanan bir sıra tezislər göstərir ki, Nursultan Nazarbayevin Azərbaycana son səfəri iki ölkə arasında əməkdaşlığı daha da genişləndirəcək. Burada onu xüsusi qeyd etmək istərdik ki, əməkdaşlıq bərabərhüquqluluq prinsipi əsasında ikitərəfli və çoxtərəfli formatda həyata keçirilir. Müasir geosiyasi reallıqlar fonunda bunun əhəmiyyətinin böyük olduğunu dərk etmək gərəkdir.

İlk növbədə Qazaxıstan Avrasiya İqtisadi İttifaqının və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Lakin Azərbaycanla əlaqələrini müstəqil dövlət kimi qurur. Bunun səbəbi Azərbaycanın müstəqil xarici siyasət kursuna sadiq qalması və əməkdaşlığı özünü müstəqil dövlət kimi təsdiq edən ölkələrlə yaratması ilə sıx bağlıdır. Eyni zamanda, müstəqil dövlətlər olaraq iki qardaş ölkənin münasibətlərini sağlam təməldə inkişaf etdirməsi müxtəlif beynəlxalq və regional təşkilatlarda bir-birini dəstəkləməyə ciddi əsas yaradır.

Təhlükəsizlik, enerji və nəqliyyat: Bakı və Astana daha da fəallaşır

Bu barədə Bakı görüşündə də danışılıb. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutaraq, ərazi bütövlüyünün təmin edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini dəstəkləyir.

Həmin kontekstdə Prezident İlham Əliyev fikrini belə ifadə edib: "Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir (bax: əvvəlki mənbəyə).

Bu kontekstdə İlham Əliyev və Nursultan Nazarbayevin də vurğuladığı bir faktı xatırlatmaq yerinə düşərdi. Məsələ ondan ibarətdir ki, Qazaxıstan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Rəsmi Astana bu statusda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına ayrıca diqqət yetirəcəyini bir neçə dəfə bildirib. Eyni fikri Bakıda Nursultan Nazarbayev də təkrar söyləyib. Bu baxımdan Bakı bəyannaməsində Qazaxıstanın bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə üstünlük verilməsinin vurğulanması əhəmiyyətli məqamdır.

Bununla yanaşı, iki dövlət geniş miqyasda geosiyasi, iqtisadi, energetik və təhlükəsizlik problemlərinin həllində əməkdaşlıq etməklə bağlı ortaq mövqedədirlər. Həmin aspektdə prezidentlər bəyanatlarında və imzaladıqları bəyannamədə konkret tezisləri ifadə ediblər. Belə ki, Azərbaycan və Qazaxıstan enerji və müxtəlif təyinatlı yükdaşıma sahəsində Ukraynanın da prosesə qoşulmaq niyyətinə müsbət yanaşırlar. Rəsmi Kiyev Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya xətti üzrə həyata keçirilən daşımalarda iştirak etmək istəyini bildirib. Bakı və Astana bunu razılıqla qarşılayıblar.

Digər layihə Çinin həyata keçirdiyi "Yeni İpək Yolu"dur. Bu istiqamətdə də Qazaxıstan və Azərbaycan aktiv fəaliyyət göstərir, sıx əməkdaşlıq edirlər. Çindən göndərilən yüklər indi Avropaya 14 günə çatdırılır. Əvvəllər isə bu, 40-45 sutka təşkil edirdi. Lakin Azərbaycan və Qazaxıstan bununla kifayətlənmirlər. N.Nazarbayev bu bağlılıqda reallaşdırılması nəzərdə tutulan addımları belə ifadə edib: "İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz - Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək" (bax: əvvəlki mənbəyə).

Deməli, iki qardaş ölkə regional əməkdaşlıq modelini uğurla qlobal əməkdaşlıq miqyasında genişləndirmək niyyətindədirlər. Bu istiqamətdə Bakı ilə Astananın böyük imkanları mövcuddur. Hətta onlar birgə geniş geosiyasi məkanda aparıcı rol da oynaya bilərlər.

Bütün bunların fonunda prezidentlərin gələcəyə hesablanmış və olduqca böyük əhəmiyyəti olan bir məsələni gündəmə gətirmələri tamamilə yerinə düşür. Biz, iki qardaş ölkənin gəncləri arasında təmasların artırılması haqqında aparılan müzakirəni nəzərdə tuturuq. Prezident İlham Əliyev ayrıca vurğulayıb ki, həmin mövzu dövlətlər arasında əməkdaşlıq ənənəsini daha da inkişaf etdirmək məqsədini daşıyır. İlham Əliyev bununla bağlı ifadə edib: "...gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq" (bax: əvvəlki mənbəyə).

Beləliklə, Azərbaycan və Qazaxıstan dövlət başçılarının Bakı görüşü qarşılıqlı əlaqələrin yeni səviyyəyə yüksəlməsində mühüm mərhələlərdən biri kimi tarixə düşür. Bu istiqamətdə böyük bir geosiyasi məkan üçün əhəmiyyəti olan fəaliyyətlərə yeni impuls veriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024