Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-07-2014, 12:16)
“Əmək haqqının az olması təhsilin keyfiyyətinə təsir göstərir“

 

Təhsil eksperti Etibar Əliyev təhsil sahəsindəki problemlərdən danışdı

 

İyulun 24-də prezident İlham Əliyevin sərəncamı ilə rayon təhsil şöbələri ləğv olunaraq regional təhsil idarələri yaradılıb. Təhsil şöbələrinin ləğv edilməsi təhsil sahəsində hansı dəyişiklik edəcək? Təhsil sahəsindəki bu və digər suallarımızı “XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev cavablandırdı.
 
- Təhsil şöbələrinin ləğv edilməsi nəyi dəyişəcək?
- Azərbaycanda orta məktəblərin ikili tabeçiliyi uzun illərdir ki, davam edirdi. Məktəblərin işinə nazirlikdən daha çox yerli icra hakimiyyətləri müdaxilə edirdi. Şübhəsiz ki, onların müdaxiləsi heç də təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı deyildi. İcra hakimiyyəti strukturları istər Bakıda, istərsə də rayonlarda məktəblərə obyekt, gəlir mənbəyi kimi baxırdılar. Regional mərkəzlərin yaradılması ilk öncə məktəblərin icra hakimiyyətlərinin tabeçiliyindən çıxarılmasına, çevik idarəçilik strukturunun yaradılmasına xidmət göstərir. Həmçinin burada artıq keyfiyyətə konkret cavabdehlik, məsuliyyət məsələsi ortaya qoyula bilər.  Artıq məktəbi idarə edən strukturlar iki quruma deyil, bir quruma hesabat verəcək. Bəri başdan demək olar ki, bunun müəyyən pozitiv nəticələri olacaq. Bilirik ki, regionlarda təhsilin keyfiyyəti, dərslərə davamiyyət, müəllimlərin peşəkarlıq səviyyəsi, məktəblərin maddi-texniki bazası çox aşağı səviyyədədir. Başqa bir məsələni qeyd edim, bu cür mərkəzləşmiş bir strukturun yaradılması Bakı şəhərində təhsilin keyfiyyətini dəyişmədi. 2008-ci ildə Bakı şəhərində təhsil şöbələri ləğv edildi və Bakı şəhəri üzrəTəhsil İdarəsi yaradıldı. Belə bir idarənin yaranması Bakı şəhərində təhsilin keyfiyyətini dəyişə bilmədi. Çünki əsas məqsəd bu deyildi. Bu, sadəcə olaraq, kurasiyanın nazir müavini təyin olunmuş bir şəxsdən  alınıb nazirə verilməsi ilə əlaqədar olaraq həyata keçirilmiş struktur islahatı idi. Hesab edirəm ki, regionlarda yaranmış mərkəzlər Bakı şəhəri üzrə Təhsil İdarəsinin iş prinsipindəki  nöqsanları təkrarlamayacaq. Şübhəsiz ki, köhnə kadrlar, yəni 20-25 il rayon təhsil şöbəsinin müdiri vəzifəsini tutmuş şəxslər yenidən o mərkəzlərə cəlb ediləcəksə, heç bir keyfiyyət dəyişikliyindən danışmaq mümkün olmayacaq.
 
- Qəbul imtahanları artıq yekunlaşıb. Keçid ballarının ildən-ilə aşağı salınması nədən irəli gəlir?
- Keçid ballarının ilbəil aşağı salınması məktəb təhsilinin keyfiyyətsizliyi ilə bağlıdır. Bizi ali məktəblərə daxil olan məktəb məzunlarından çox tələbə adını qazana bilməyənlər maraqlandırmalıdır. Orta təhsilin təmayülləşməməsi ucbatından onların böyük əksəriyyəti cəmiyyətdə öz yerlərini tuta bilmirlər.  Digər ciddi problem 150-300 bal toplamış və tələbə adını qazanmış şəxslərdən mütəxəssis hazırlamağın yollarının axtarılmasıdır. Burada ali məktəblərin üzərinə çox ciddi məsuliyyət düşür. Aşağı bal toplayan tələbələr üçün ali məktəblərdə  hazırlıq şöbələri yaradılmalıdır. Digər tərəfdən isə ali məktəblərin indiki durumu bu cür aşağı nəticə göstərənlərin təhsil almalarına münbit şərait yaradır.  Bir çox ali təhsil müəssisələrində tapşırıq və digər əyri yollar tam şərait yaradır ki, aşağı bal toplamış insanlar ali məktəbi bitirə bilsinlər. Məsələnin digər tərəfi də maraqlıdır: bizim ali məktəblərin maddi-texniki bazası, təhsil mühiti  və professor-müəllim heyəti yüksək bal toplamış məzunların təhsilini normal təşkil edə bilirmi? Bir neçə ali məktəb, məsələn, Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası istisna olmaqla, yerdə qalan ali məktəblər demək olar ki, yüksək balla   tələbə adı qazananların   lazımi səviyyədə təhsil almasına şərait yarada bilmir. Buna görə də 600-dən yuxarı bal toplamış abituriyentlər xarici ölkələrdə təhsil almağa can atırlar.
 
- Bir sıra abituriyentlər ali məktəblərin ödənişli fakültələrinə qəbul olunduqda bundan imtina edirlər. Səbəb isə təhsil haqqının çox baha olmasıdır. Təhsil haqlarının getdikcə artmasına münasibətiniz necədir?
- Azərbaycan neft ölkəsidir və qarşıya qoyulan əsas məqsədlərdən biri insan kapitalının inkişafıdır. Buna baxmayaraq, hətta dövlət ali məktəblərində 70 faiz tələbələr ödənişli təhsil alırlar. Təhsil haqları təhsilin keyfiyyətinə uyğun müəyyənləşdirilmir. Yəni təhsilin keyfiyyəti qiymətləndirilməmiş ali məktəblərdə belə yüksək təhsil haqqının müəyyənləşdirilməsi düzgün deyil. Təhsil haqlarının yüksəldilməsi ilə bağlı cəmiyyətə məlumat verilməlidir. Məsələn, əgər yeni kampus, kafedralar yaradılırsa, xarici ölkələrdən müəllimlər dəvət edilirsə və hansısa pulsuz xidmətlər təklif olunursa, bu halda təhsil haqqını yüksəltmək mümkündür. Yaxud universitet hansısa nüfuzlu reytinq cədvəlində yer tutubsa, bunu etmək olar və bunun izahatı da var. Məsələn, Xarici Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasına artıq 250-dən yuxarı bal toplayanlar daxil olur. Əvvəllər isə bu ixtisasa yüksək balla daxil olmaq mümkün idi. Bu onu göstərir ki, yüksək bal toplamış abituriyentlər keyfiyyətsiz təhsilə görə bu ixtisası artıq seçmirlər. Buna baxmayaraq, bu ali məktəbin rəhbəri bu ixtisas üzrə təhsil haqqını 2500 manata qaldırıb. Demək, maraqlı olan puldur. 
- Orta təhsilin keyfiyyətinin aşağı düşməsində yalnızca müəllimləri günahlandırmaq düzgündürmü?
- Müəllimlər bu gün iki yerdə-məktəbdə və repetitor kimi çalışırlar. Repetitorlar şagirdlə daha fəal çalışırlar. Çünki oradan gələn gəlir məktəbdəki əmək haqqından xeyli yüksəkdir. Təsadüfi deyil ki, yüksək bal toplamış abituriyentlərin tam əksəriyyəti uğura görə məktəbin deyil, repetitorların, ya da hazırlıq kurslarının adını çəkirlər. Ona görə də nə qədər həvəsləndirici tədbirlər olsa belə, məktəb divarları arasındakı tədris repetitor xidmətindən geridə qalacaq. Məsələn, səhv etmirəmsə indiyə qədər 700- dən çox orta məktəb müəllimi ilin ən yaxşı müəllimi adına layiq görülüb. Ancaq bu hələlik heç nəyi dəyişmyib. Əlbəttə ki, əmək haqqının az olması təhsilin keyfiyyətinə və müəllimin tədrisinə təsir göstərir. Ancaq bu o demək deyil ki, müəllim məktəbdə tədris prosesinə tam etinasız yanaşmalıdır.
- Sizcə, təhsil naziri Mikayıl Cabbarov 1 ildən artıq bir zamanda təhsil sahəsində hansısa müsbət dəyişikliklər edə bildimi?
- Keçmiş təhsil naziri ilə indiki naziri çalışdıqları müddət  baxımından müqayisə etmək bir az çətindir. Misir Mərdənaov 15 il təhsil naziri vəzifəsində işləyib. Mikayıl Cabbarov isə bir ildən bir qədər çoxdur ki, bu vəzifəni tutur. Etiraf etmək lazımdır ki, təhsil sistemində müəyyən canlanma hiss olunur. Pozitiv işlərin şahidi oluruq. Mən Mərdanovun 15 ilini təhsilimiz üçün itirilmiş illər sayıram. Onun işlədiyi vaxtda funksional savadsızlıq inkişaf etdi, orta məktəblər bazara çevrildi. “Nazir dəyişdisə, hər şey dərhal dəyişəcək” prinsipi  ilə hərəkət etmək doğru deyil. Nazirin formalaşdırdığı komanda  mobil şəkildə işləməlidir. Məncə, yeni nazir komandasını hələ normal formalaşdıra bilməyib. Təhsil müəssisələrinin rəhbərləri keyfiyyətə cavadehlik daşımırlar. Onlardan heç bunu tələb edən də yoxdur. Bu, keçmiş nazirin vaxtında da belə idi, indi də belədir. Açığını deyim ki, hələlik keçmiş nazirin dövründə baş verən neqativ halların azaldılması istiqamətində elə bir ciddi addımlar atılmayıb.
Təəccüblüsü budur ki, keçmiş nazirin yaxın adamları olan və indi də təhsil sistemində çalışan və bir o qədər müsbət imici olmayan kadrlar yeni nazirə də çox yaxındırlar.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024