Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (16-06-2014, 10:52)
“Rusiyanın qanımızı qaraltmaq imkanı var”

Hikmət Hacızadə: “Lavrov gəlir ki, Azərbaycanı Qərb-Rusiya münaqişəsindən uzaqlaşdırsın, ya da öz tərəfinə çəksin”


Azərbaycanın Rusiyadakı sabiq səfiri, Müsavat Məclisinin üzvü Hikmət Hacızadənin son zamanlar baş verən proseslərə, bizi gözləyən təhlükələrə spesifik baxışı var. O, nə ifrat optimizm nümayişinin tərəfdarıdır, nə də çarəsizlik toxumu səpənlərlə həmfikirdir. Ancaq hesab edir ki, ehtiyatlı davranmaq, situasiyanı ciddi şəkildə sərf-nəzər edib millət və dövlətin faydasına qərarlar vermək ən doğru çıxış yoludur.

- Hikmət bəy, İraq ərazilərini ələ keçirən İŞİD terrorçu qruplaşmasının həm də Qərb dairələrinin layihəsi olması barədə iddialar var. Sizcə, İraqda nə baş verir, bu silahlı birləşmələrin arxasında hansı qüvvələr dayanıb?


- Mən o ehtimala inanmıram ki, bu, Qərbin layihəsidir. Bu, özü müstəqil bir fenomenal hadisədir. Onlar Suriyada da vuruşur, Liviyada da vuruşurdular. Gənc, silahlı, yəqin, həyatda yer axtaran adamlardır ki, təşkilat yaradır, öz inanclarını həyata keçirtmək istəyirlər. Ona görə də mən burda hansısa güclərin böyük bir qəsd planını görmürəm. 

- Yəni bunlar bir dövlətə qarşı çıxacaq qədər gücə sahibdir? 

- Dövlət dövlət deyil axı. Onlar hərdən hansısa ağlasığmaz addımlar ata bilən bir qüvvədir. Bu, o demək deyil ki, onların hansısa baş qərargahı, yaxud müharibə planları var. “bismillah” deyib irəli gedirlər. Keçəriksə, keçərik, öləriksə də cənnətə düşərik... Bax, belə irrasional bir qüvvədir.

- Terrorçuların Azərbaycana və Türkiyəyə yönəlik təhdidləri barədə nə demək olar? 

- Onların gücü çatmaz, çox azsaylı qüvvədirlər. Hədələyə bilərlər ki, gələcəkdə biz gəlib burdakı müsəlmanları da ayağa qaldıracağıq, bütün islam ölkələrində islam dövləti quracağıq, o cümlədən Azərbaycanda, Türkiyədə. Əslində onların səsi çox gəlir, reallıqda isə çox güclü deyillər. Lap 5 min nəfər olsunlar, nizami ordunun qarşısında nədir ki? Onların üstünə təyyarə, tank sürsələr, darmadağın olacaqlar. Onlar qəfil hücuma keçiblər, amma davamlı təsir etmək, hansısa böyük uğur qazanmaq, haranısa işğal etmək planı mümkün deyil. 

- Türkiyə və Azərbaycan ələlxüsus da azərbaycanlıları, türkmənləri xilas etmək üçün bu prosesdə hansı rolu oynaya bilər? 

- Türkiyənin imkanları çoxdur. Ora qoşun yeridə, İraq hökumətinə kömək edə, yaxud diplomatik yollarla təzyiq göstərə bilər. Hələ ki, gözləmək və danışıqlar aparmaq mərhələsidir. Hələ bilinmir ki, bunlar kimdir, hara qədər getmək istəyirlər. Ancaq əgər İraq hökuməti Türkiyə ilə razılaşsa, Ankara dərhal məsələni həll edər. Hələlik, İraq məsələləri özünün həll edəcəyini deyir. 

- Burada görünən odur ki, İran qabağa düşüb vəziyyətdən faydalanmaq istəyir. 

- Bəli, belədir. İŞİD şiəliyə, şiələrə qarşı mübarizə elan edib. İraqın hökuməti də əsasən şiələrdən ibarətdir, baş nazir şiədir. Ona görə İran dərhal hərəkətə keçib və kömək etmək istəyir. Bunların hər addımı, konsepsiyaları, planları dinin üstündən gedir, şiələr getsin, sünnilər, ya vəhhabilər gəlsin kimi.

- İndiyə qədər daha çox sanki xristian-müsəlman qarşıdurması müşahidə olunurdu, ancaq artıq ixtilaflar müsəlman dünyasının öz daxilinə sirayət edib, məzhəb davaları şəklində. Belə yanaşma doğrudurmu? Hesab etmək olarmı ki, proseslər həm də xristian aləminin də maraqlarına uyğun gedir?

- Mən inanmıram. Hələ min dənə elə söz deyiləcək. Belə adamlara, xristian, Qərb, Çin lazım deyil, elə bir-birini qırırlar. Vəhhabiyə Qərb lazımdır ki, başqalarını qırmağa başlasın? Bu, onların həyat tərzidir, düşüncə səviyyəsi belədir.

- İraqın 3 hissəyə parçalanması layihəsinin masa üzərində olması realdırmı?


“İndiki zəmanədə beynəlxalq hüquq dağıdılıb; ölkəni möhkəmləndirmək, cəmiyyəti birləşdirmək lazımdır” 

- Realdır, ola bilər. Əgər məsələ uzun müddət həll olunmayacaqsa, onda sünni, şiə və kürdlər İraqı 3 yerə parçalaya bilər və müharibələr bununla da bitər.  

- Mümkündürmü ki, Krımın taleyini Naxçıvana da yaşatsınlar. Xüsusilə də Rusiyanın hərbi bazasının Gümrüdə olmasını nəzərə alaraq bu təhlükəni real sayırsınızmı? 


- Mən inanmıram ki, erməni Naxçıvana girsin, azərbaycanlıları qovsun, Naxçıvanı alıb özünə birləşdirsin. Bu, bütün dünya üçün çox böyük böhran olardı. 

- Elə isə nəzəri cəhətdən savaş başlayacağı təqdirdə Qarabağ və Naxçıvan cəbhəsi boyu hərbi əməliyyatların aparılması Ermənistana nə vəd edər? 

- Ermənistan söhbəti deyil də. Problem ruslarla bağlıdır, savaş başlasa, rus vuruşacaq. Erməninin nə gücü var, acından yeriyə bilmir. Ona görə də biz Rusiyanın münasibətini izləməliyik.  

- Bu həftə Rusiya xarici işlər naziri Lavrov Bakıya gəlir. Sizcə, onun çantasında nələr var, səfər nəyə hesablanıb? 

- Yəqin, Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyirlər, bu və ya digər şəkildə əməkdaşlıq haqqında söhbət gedəcək. Yaxud Azərbaycanı Avrasiya İttifaqına olmasa da, Rusiyanın hansısa başqa layihələrinə cəlb etmək, ya da hansısa layihələrdən kənar etmək niyyəti var. Rusiya istəmir ki, Orta Asiyanın nefti Avropaya, Ukraynaya Azərbaycandan getsin. Lavrov gəlir ki, Azərbaycanı Qərb-Rusiya münaqişəsindən uzaqlaşdırsın, ya da öz tərəfinə çəksin. Söhbət ondan gedir ki, Rusiya Qərblə əməlli başlı kəllə-kəlləyə gəlib. İndi hərə özünə müttəfiq axtarır, yarım müttəfiqlərə vədlər verir, onlara təhdidlər edir, təhlükə haqqında danışır, öz tərəfinə çəkmək istəyir. 

- Azərbaycan dövləti indiki situasiyada hansı mövqedən çıxış etməlidir ki, proseslərdən minimum itkilərlə çıxa bilsin?


- Birincisi, olduqca ehtiyatlı olmaq lazımdır. Bunu artıq bizim hökumət edir, ehtiyatlı davranır. Mən bu siyasəti bəyənirəm, düzgün yoldur. İkincisi isə ölkəni möhkəmləndirmək, cəmiyyəti birləşdirmək lazımdır. Birlik lazımdır ki, birdən dava başlasa, biz bir olaq, xarici aqressiyaya müqavimət göstərə bilək, “beşinci kolon”lar burda meydan oxumasın. Hələ Putin gəlməyib, amma burda başlayıblar rus ordenlərini ora-bura daşımağa. Belə şey olmamalıdır. Ona görə də bütün vətənpərvər qüvvələr bir araya gəlməli, ölkə qolçomaq, “kulak” kimi olmalıdır. Həm də Qərblə və Türkiyə ilə səmimi əməkdaşlığı inkişaf etdirmək lazımdır. Hələ ki, heç nə yoxdur. 

- Türk dövlətlərinin koalisiyasından gözləntiləriniz nədir? Dünyanın belə qarışıq vaxtında türk birliyi onları xilas edə biləcəkmi?


- Onların gücü zəifdir. Onları bir yerə yığanda bu güclə ancaq bir festival keçirtmək olar. Ancaq müqavimət göstərmək, embarqo qoymaq iqtidarında deyillər. Təəssüf ki, bu, belədir.  

- Siz illər öncə Azərbaycanın Rusiyada səfiri kimi çalışdığınız üçün şimal qonşumuzu daha yaxşı xarakterizə edə bilərsiniz. Hansısa güzəştlərin müqabilində Moskvanın Qarabağı Azərbaycana qaytarması mümkünmü? 


- Rusiyanın bilavasitə Qarabağı bizə qaytaracağına inanmıram. Məsələn, söhbət Xankəndindən gedirsə... Başqa rayonların isə söhbəti gedə bilər. Amma biz burda ayıq olmalıyıq. Bilməliyik ki, bizdən nə istəyirlər? Biz hansı qurbanlar verməliyik ki, Kəlbəcər, Laçın, digər rayonlar qaytarılsın? Millət bu barədə həqiqəti bilməlidir və geniş diskussiya aparılmalıdır. Rusiya oraları sənə havayı qaytarmayacaq ki, nəsə tələb edəcək. Ona görə də mən bu məsələni tələb şəklində qoyuram: biz hökumətdən tələb etməliyik ki, o danışıqlar varsa, biz də həqiqəti bilməliyik. Bilməliyik ki, bizə nə təklif olunur, nə istənilir. Geniş müzakirə getməlidir, biz bu razılaşmaya gedək, getməyək, rayonları alaq, almayaq, gələcəyimizi sataq, satmayaq. Hamı bilməlidir ki, hara gedirik. Burada hamı məsuliyyət daşıyır. Heç kəs məsuliyyətdən qırağa çəkilməsin. Çətin tarixi an yetişib. 

- Əgər belə bir seçim qarşısında qalsaq, məsələ ümumxalq səsverməsinə çıxarılmalıdır yoxsa...


- Yox, prinsipcə onu hökumətimiz referendumsuz da edə bilər. Amma biz bilmək istəyirik, haqqımız var ki, nə sövdələşmədir, nə təklif olunur, gələcəyimiz nə olacaq. 

- Müxalifətin məsələyə reaksiyasını proseslərə adekvat saymaq olarmı? 

- Təbii ki... Bəyanatlar verirlər, İsa bəyin müsahibəsi var idi ki, biz təhlükədəyik, bizi hansısa qeyri-bərabər ittifaqlara sürükləyirlər. Kifayət qədər danışırlar. Bundan artıq nə etmək olar? Bizi o vəziyyətə salıblar ki, heç olmasa başqanımız danışırsa, ona da min şükür... 

- Rusiya rəsmilərindən öncə Avropa Komissiyasının prezidenti Barrozu Bakıya gəldi. Sizcə, onun əsas məqsədi nə idi, sadəcə, rəqabətdirmi? 

- Bəli, rəqabət gedir. Avropa enerji məsələlərində Azərbaycanın yardımını istəyir. Məncə, əsas məsələ budur. Ola bilsin, Ukrayna məsələsində Azərbaycandan yardım umurlar. 

- Qərb bəd ayaqda Azərbaycanı Rusiyanın caynağından qoruya biləcəkmi? 

- Yox, qoruya bilməyəcək, o iqtidarda deyil. Problem də ondadır. Gəlirlər, gedirlər, amma real iş yoxdur. Ukraynaya kömək etdilərmi? Yox. Gürcüstan gedib Osetiyanı tutmuşdu, Qərb kömək etdimi? Yox. Bax, problem budur. Biz Qərbi, inkişafı, demokratiyanı istəyirik, amma onlardan real yardım yoxdur.   

- Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, Avropa Birliyi ilə də danışıqlar gedir. Belə həssas dönəmdə Bakı hansı addım ata bilər ki, Qərbi də küsdürməsin?

- Azərbaycan  assosiativ üzvlükdən imtina etdi, inanmıram ki, qol çəksinlər. Əslində biz o sazişə qol çəkmək üçün hazır da deyilik. O sazişi imzalamaq üçün ölkə demokratik istiqamətdə hansısa addımlar atmalıdır, siyasi məhbuslar buraxılmalı, media azad olmalıdır. Bunların heç biri yoxdur, nə assosiativ saziş? Qərb bura sazişlər sırıyır, ancaq kömək etmək üçün real heç bir addım atmır. Nə Ukraynaya kömək etdilər, nə Gürcüstana, bizdə də kömək etməyəcəklər. 

- Bir neçə il əvvəl Ukrayna və Gürcüstan NATO və Avropa Birliyinə üzv olmağa hazır idi, ancaq qəbul etmədilər. Sanki Qərb postsovet ölkələrinin yaxasından vurub geri qaytardı və Rusiyanın ağuşuna itələdi...

- Yox, itələmədilər, sadəcə, məsuliyyəti üzərilərinə götürmədilər. Özlərinə yük eləmək, onların tərəfində vuruşmaq istəmədilər. 

- Demək proseslər “yeni SSRİ”yə aparır. 

- İnanmıram ki, o səviyyəyə gedib çatsın. Amma Rusiyanın qanımızı qaraltmaq imkanı var. Ukrayna məsələsi həll olunmayınca, Rusiyaya qarşı sanksiya qərarları qüvvədə qalacaq...

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024