Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel (13-03-2014, 13:34)
Zeynəb Xanlarovaya qarşı ağır ittihamlar

Zeynəb Xanlarovaya qarşı ağır ittihamlar


Bu yaxınlarda millət vəkili, xalq artisti Zeynəb Xanlarova Xəzər dənizinin müxtəlif şəxslər tərəfindən hasara alınaraq zəbt edilməsindən narahatlığını parlamentdə ifadə etmişdi

 

Həmin əraziləri yüksək çinli məmurların işğal etdiyini deyən xanım deputat Nardaran camaatının müdafiəsinə qalxaraq, onların narazılığını Milli Məclis üzvlərinə çatdırmışdı: “Sahilboyu villalar və müxtəlif obyektlər tikilir, dəniz isə tamamilə hasara alınır. Bununla bağlı əhalidə, xüsusilə də Nardaran camaatında böyük narazılıq var. Xalqı narazı salıb ayağa qaldırmaq olmaz”.
Sonra da məmurların bostanına daş atmışdı: “Sizi oğurlamayacaqlar ki?! Bilmirəm, İsgəndərindir, Cahangirindir, kimindir… Hasarı niyə çəkiblər? Kimin villasıdır bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə sındırsınlar o hasarları?”.
Z.Xanlarova “bu xalqı düşünən yoxdur” – deyib, iclası da tərk etmişdi. Bütün bunlar təqdirəlayiqdir. İnsan haqlarının müdafiəsinə yönələn istənilən cəhd alqışlanandır.
Vaxtilə Z.Xanlarova ilə eyni səhmdar cəmiyyətdə təmsil olunan Şahin Əlizadə də deputat xanımın bu çıxışını bəyənib: “Niyyətindən, motivasiyasından, kimliyindən asılı olmayaraq siyasilərin kimlərinsə hüquqlarını müdafiə etməyə qalxmasını dəstəkləyirəm. Dənizin özəlləşdirilməsini isə pisləyirəm. Şərikliyimizin uğursuzcasına başa çatmasına baxmayaraq Zeynəb Xanlarovanın tələbini tam haqlı sayıram.
Amma, bu gün Nardaran camaatının müdafiəsinə qalxdığı kimi, vaxtilə bizim də hüquqlarımızı tanısaydı, haqqımızı tapdamasaydı və bu gün Nardaran camaatını düşündüyü kimi bizi də düşünsəydi, yaxşıydı. İçimdə ona qarşı hiddət yoxdur. Sadəcə bir sual var: necə olur ki, xanım deputat bir kəndin camaatının dərdinə qalır, amma bir cəmiyyətin 100-dən artıq səhmdarının haqqını tapdayır?”.
Səhmlər Ramal Babayevin adına niyə “atılırdı”?
“Dondurma Kombinatı – S.Babayev” ASC 1997-ci ildə qeydiyyatdan keçmiş “Aysberq” ASC-nin hüquqi varisidir. Öz növbəsində “Aysberq” ASC dövlət müəssisəsi olan Bakı Soyuducu Kombinatının bazasında yaradılıb və özəlləşdirməyə çıxarılıb. S.Babayevin adı yalnız özü rəhmətə gedəndən sonra cəmiyyətə verilib. Cəmiyyətin majoritar səhmdarı xalq artisti və millət vəkili Z.Xanlarova idi. Müəssisənin səhmlərinin 93,57 faizi deputat xanıma məxsus idi. Oğlu Ramal Babayevin adına cüzi miqdarda səhm vardı. Bu səhmlər də müəyyən məqsədlə onun adına “atılmışdı”. Müəssisənin ləğvetmə prosesindən bir qədər əvvəl başqa səhmdarlardan alınan səhmlər hesabına R.Babyevin də adına müəyyən faiz toplanmışdı ki, səhmdar kimi iclaslarda iştirak edə, ailə üçün taleyüklü proseslərə birbaşa nəzarəti həyata keçirə bilsin. Sonradan xırda səhmdarlardan alınan səhmlər hesabına Ramalın hissələri də artırıldı. Z.Xanlarova daha səhm almırdı. Yerdə qalan səhmlər isə səpələnmişdi. Cüzi bir hissəsi müəssisənin kollektivi və kənar səhmdarların əlində idi.
 
Sərmayə planı olmayan sahibkar
Bakının mərkəzi küçələrinin biri olan Neftçilər prospektində yerləşən müəssisənin ərazisində cəmiyyətə məxsus 1939-cu ildən 1995-ci ilə qədər inşa edilmiş dondurma sexi, quru buz sexi, köməkçi istehsal sexi, inzibati bina, qazanxana, anbarelektro, mexaniki, qənnadı və avtotəmir sexləri, çayxana kimi tikililər mövcud olub. Cəmiyyətin yerləşdiyi ərazinin 57,74 faizini tikintialtı sahə, 39,16 faizini asfalt örtüyü, 3,10 faizini isə yaşıllıq sahəsi təşkil edirdi. Yəni, müəssisənin ümumi torpaq sahəsi 9671,1 kvadrat metr, burada olan tikililərin sahəsi 5583,5 kvadrat metr, asfalt örtüyü və yaşıllıq sahəsi isə birlikdə 4087,6 kvadrat metr idi.
Ş.Əlizadə deyir ki, ASC-də heç vaxt səhmdarlara divident verilməyib. Özəlləşdiriləndən sonra müəssisədə dondurma istehsalı olmayıb. Burada dondurma istehsalı üçün güclü texnologiyaya ehtiyac yox imiş. Müəssisənin müəyyən avadanlığı var idi və onların hesabına mineral suların qazlaşdırılması üçün vurulan qazın istehsalı ilə məşğul idilər. Cəmiyyətin gəlirləri ilə yanaşı xərcləri də var idi. Odur ki, mənfəətə çıxdıqlarını görən olmayıb. Hər halda, səhmdarları deyirdilər ki, müəssisə mənfəətə çıxmır. Mənfəət olmadığına görə, cəmiyyətin səhmlərinin cazibədarlığı da yox idi və bu səbəbdən səhmlərin nominal qiyməti 2 manat olaraq qalırdı. Səhmdarın sözlərinə görə, səhm nəzarət paketi sahibi qiyməti güclə o səviyyədə saxlayırdı. Alanlar da minnət qoyurdu ki, səhmləri bu qiymətə alıb nə edəcəklər. Lakin, müəssisədə güclü istehsalı olsaydı, bu, sərmayəçiləri da cəlb edərdi. İstehsalın özünün mövcudluğu və ya yeni avadanlıqların alınmasına dair niyyətlər səhmlərin cazibədarlığını artıra bilərdi. Lakin, bu cəmiyyətdə istehsal da çox zəif olub və cəmiyyətin hər hansı sərmayə planları olmayıb. Bu səbəbdən səhmlərə bazarda maraq da sönük idi. Onları 2 manata alanlar da yalnız o səbəbdən alırdılar ki, hətta cəmiyyət ləğv olunsa belə, səhmələrin üzərində 2 manat yazılıb və ən azından həmin vəsaiti alacaqlar.
“Ləğv olunan müəssisələrə sərmayə yatırırdım”
Səhmdar Şahin Əlizadə “Dondurma Kombinatı – S.Babayev” ASC-nin ləğv edilmə söhbəti ortaya çıxanda müəssisənin səhmlərini alıb: “Səhm səhmdara əsasən iki hüquq verir: cəmiyyət fəaliyyət göstərəndə oradan divident almaq və cəmiyyət ləğv olunanda oradan ləğvetmə payını götürmək. Dondurma Kombinatının səhmlərini əldə edən vaxta qədər mən öz praktikamdan belə nəticə çıxarmışdım ki, Azərbaycanda səhmlər üzrə divident əldə etmək demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən mən sərmayəni ləğvetmə prosesində olan müəssisələrə yönəltmək qərarına gəlmişdim. Çünki, mövcud işləməyən cəmiyyətə vəsait yatırıb sonra oradan ləğvetmə payının alınmasını 10 illərlə gözləmək lazım gələcəkdi. Amma, ləğvetməyə başlayan cəmiyyətlərdə ləğvetmə payının əldə edilməsi maksimum 1-2 ili əhatə edir. Bu səbəbdən daha qısa müddətə yatırdığım sərmayənin nəticəsini görmək üçün mən vəsaiti artıq ləğvetmənin başlandığı cəmiyyətə yönəltdim. Amma sonralar qazandığım praktika onu göstərdi ki, bizdə səhmdən nə divident götürmək olur, nə də əmlak payı. Majoritar səmdarlar mənfəətin hamısını mənimsədikləri kimi, cəmiyyəti ləğv edərkən əmlakı da bütünlüklə özlərinə götürürlər. Minoritar səmdarlarla əmlakı bölüşdürməyi ağıllarına belə gətirmirlər. Ləğvetməyə gedən cəmiyyətin səhmlərini əldə etməyim Zeynəb Xanlarovanın nümayəndələrini şoka salmışdı. Məqsədimi onlara izah edəndə, mənimlə əmlakı bölmək fikirlərinin qətiyyən olmadığını bəyan elədilər. Əvvəlcə bu məsələyə təəccüblənirdilər. Sonralar mənə reket kimi baxmağa başladılar. Hətta məndən narazı da qalırdılar ki, xalq artistinin müəssisəsəindən səhmlər əldə etməklə böyük səhvə yol vermişəm. “Obyekti”nə girməklə xanıma hörmətsizlik etmişəm”.
Qiymətləndirmədə 11 dəfə fərqi “mütəxəssislər” necə yarada bildilər?
2005-ci ildə əsas payçı olan Z.Xanlarova cəmiyyəti ləğv etmək qərarına gəlir və prosesə start verir. Ləğvetməni də belə əsaslandırırdılar ki, səhmarlarla şərikliyə son qoymaq istədiklərinə görə özlərinə aid əmlakı götürürlər. “REC – İnvest” MMC tərəfindən cəmiyyətin bütün daşınar və daşınmaz əmlakı 799. 760 000 manata qiymətləndirilmişdi. Qiymətləndirmə 2004-cü ilin noyabr ayında apaıldığından qiymətlər köhnə Azərbaycan manatı ilə göstərilib. Yeni manata çevirəndə əmlakın dəyəri 159952 manat təşkil edir. Qiymətləndirmədə həmin məbləğin 132140 min manatı daşınmaz əmlaka qoyulub, yerdə qalan hissəsi isə daşınar əmlakın payına düşüb. Yeni manatla 26428 manat daşınar əmlakın qiyməti, 133524 manat isə daşınmaz əmlakın qiyməti kimi qiymətləndirici tərəfindən müəyyən edilib.
Ş.Əlizadə deyir ki, qiymətləndirici şirkət daşınmaz amlakı həddindən artıq ucuz qiymətləndirməklə yanaşı həmin tendensiyanı daşınar əmlaka da şamil edib: “Doğrudur, daşınar əmlakın qiyməti cuzi aşağı salınmışdı. Yəqin hesab edirdilər ki, mənəvi köhnəlməyə uğramayan, günbəgün dəyər qazanan daşınmaz əmlakı qiymətdən salarkən, fiziki və mənəvi köhnəlməyə uğramış daşınar əmlakı qiymətə mindirmək yolverilməzdir”.
Amma Şirkətin qiymətləndirməsindən “narazı” qalan R. Babayev daşınar əmlakın qiymətini birdən-birə 26428 manatdan 1432645000 manat, yəni yeni pulla 286529 manata qədər öz aktı ilə artırmışdı. Beləliklə, mənəvi köhnəlmiş əmlakın dəyəri milyonlar olan tikilinin təyin edilən qiymətindən 2 dəfədən də çox artırılıb. Ana və oğulun ayrı-arı qiymətləndirməsi belə bir absurd rəqəmi ortaya çıxarıb. Həm də maraqlıdır ki, iki qiymətləndiricinin təyin etdiyi qiymətlər arasındakı fərq 11 dəfədir.
Adını “mütəxəssis” qoyanlar bu fantastik fərqi necə yaradıblar bilmirəm, amma deputat xanımla oğlu arasındakı “fikir ayrılığı”nın izahı birdir. Z.Xanlarova daşınmaz əmlakın hamısını və daşınar əmlakın yararısını özünə götürərək minoritar səhmdarlara yalnız yararsız daşınar əmlakı vermək niyyətində idi. Real qiymətə dəyərləndirilən daşınar əmlak bütövlükdə cəmiyyətin ümumi əmlakının heç 7 faizini təşkil etmirdi. Bu isə o deməkdir ki, minoritar səhmdarlara daşınmaz əmlakdan da pay ayırmaq perspektivi yaranacaqdı. Bu səbəbdən hədsiz dərəcədə aşağı qiymətləndirilmiş daşınmaz əmlakın qiymətinə düzəliş edilmədən daşınar əmlakın qiyməti süni şəkildə artırılır və minor səhmdarlara yararsız payın verilməsinə imkan yaranırdı.
 
Qatığın qaymağı deputata, ayranı “qara camaata”
“Cəmiyyətin balansında yalnız daşınar və daşınmaz əmlak olduğuna görə, səhmdarlar arasında ləğvetmənin nəticəsi olaraq əmlak bölgüsü aparılmalı idi. Pul vəsaitinin ödənilməsini Xanlarova öz əmlakından imtina edən səhmdarlara ləğvetmə payı əvəzində təzminat şəklində təklif edirdi. Xalq artisti səhmdarlara tikilidən pay vermək istəmədiyinə görə, onlara yalnız mənəvi və fiziki köhnəlmiş avadanlıqları götürüb evlərinə aparmağı təklif edirdi. Təklifi birbaşa özü parlamentdəki kimi səsləndirməsə də, bu səlahiyyəti oğlu, ləğvetmə komissiyasının sədri Ramal Babayevə ötürmüşdü. İnanmıram ki, yararsız avadanlıqlara göz dikən, səhmlərini onlara dəyişən olsun. Sonda Allah bilir, həmin avadanlıqları “metallolom”a metal qırıntıları kimi verdilər. Nisbətən yararlı olan qazın istehsalı üçün istifadə edilən absorber, desorber, kompressorlar, transformatorlar və s. – ümumilikdə 128 adda az-çox yararlı daşınar əmlakın hamısını xanım Xanlarova özünə götürmüşdü. Səhmdarlara ayrılan tam yararsız avadanlıqlar idi. Ona görə daşınar əmlakın qiyməti elə səviyyədə şişirdildi ki, nəticədə yararsız daşınar əmlakın dəyəri ümumi əmlakın 5 faizini təşkil etsin. Məqsəd, həmin yararsız əmlakı səhmdarlara verməklə həm yararsız əmlakdan, həm də səhmdarlardan qurtulmaq idi. Qiymət şişirdilməsəydi, daşınmaz əmlakın qiyməti ümumi əmlakın dəyərinin 95 faizindən artıq məbləğ təşkil edəcəkdi ki, bu da Xanlarovaya daşınmaz əmlakın 100 faizinin verilməsini əngəlləyəcəkdi. Amma Zeynəb xanım həm daşınmaz əmlakın 100 faizini, həm də daşınar əmlakın yararlı hissəsini əldə etmək istədiyinə görə, qiymətin şişirdilməsində zərurət yaranmışdı”, -deyir Ş.Əlizadə.
Mülki Məcəllənin 139-cu maddəsinə görə isə, daşınar və daşınmaz əmlak bərabər hüquqlu əmlak olmadığına görə, ləğvetmə payı olaraq səhmdarlara onların hər ikisindən səhm paylarına mütənasib hissə ayrılmalıydı.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024