Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-10-2017, 11:01)
Sabiq YAP-çı deputatın müəmmalı ölümü - açıq qalmış suallar

İnsan üçün istisnasız olaraq hər hansı itki həmişə neqativ hiss daşıyıcısına çevrilir. Nədən ki, aradan nə qədər zaman keçsə belə o itki qeyri-müəyyən vaxtlarda insan beynini müəyyən qədər məşğul edir. Və belə məqamlarda insanı pozitiv düşüncəyə kökləyən bir hiss yaranır-ümid hissi. İtkinin yerinin dolması, onun əvəzlənə biləcəyi ümidindən yaranan hiss. Və bu hiss nə yazıq ki, yalnızca bəşərin əşrəfi olan insan itkisi üçün istisnadır. 
Burada ümid də olmur, ümid hissi də. Yəni itki ilə həmən barışmaqdan başqa çarə qalmır. Burada ümidi təkcə təsəlli əvəz edir. O təsəlli ki, bilirsən: kimliyindən, nəçililiyindən, məqamından, miqyasından asılı olmayaraq bir gün yaranan insan bir gün dünyadan köç edir. Bax, insan itkisindən sonra insanlara qalan bircə budur-quru təsəlli-ən yaxın adamını itirən insanı həyatdan, yaşamaqdan usanmağa qoymayan təsəlli. “Həyatın qanunu belədir” deyimi də elə bu təsəllinin içindədir-ona söykək qoyulub. 
Yox, mən elegiya yazmaq fikrində deyiləm, hərçənd onun tanıdıqları və onu tanıyanlarla görüşümdən sonra gəldiyim qənaətə rəğmən inanıram ki, haqqında bəhs edəcəyim mərhum İnsanın doğmalarının, çoxsaylı dostlarının və sadəcə onu yaxından tanıyan çoxsaylı insanların hər birinin qəlbində onun üçün heyfslənmək yanğısından yaranan və sükutunu qoruyan, bəyan edilməyən bir elegiya-ağı yatır. 
Belə bir deyim var, ədalətli, xeyirxah, mərhəmətli, səxavətli bir insan dünyasını dəyişəndə deyirlər, “o bizim kisəmizdən getdi”. Bax indi o aramızda yoxdur, dünyasını dəyişib, minlərlə insana təmənnasız kömək, xeyirxahlıq etdiyindən əminliklə demək olar ki, o tək cəlilabadlıların yox, Azərbaycanın kisəsindən getdi. Bu gün isə o insanın ailəsi də, doğmaları da, elə cəlilabadlılar da məhz bir az yuxarıda incələnən o təsəlliyə sığınıb. Yaradanın yaradılmışlar haqda hökmünə asi olmaqla nə olasıdır ki? Bunun keçərsizliyini hamı dərk edir...
 İndi də keçək bu yazının yazılmasının əsl səbəbinə. Mərhumun doğmaları, dostları və onu yaxından tanıyanlar üçün ömrün qürubuna doğru addımlayan, son günlərini yaşayan insanın ağrılı-acılı günlərinə çökən qaranlıq məqamlara, təəccübün əli üzə gətirdiyi mətləblərə, bu məqam və mətləblərin doğurduğu cavabsız suallara işıq salmağa çalışaq. Çünki üzərinə hələlik sirr pərdəsi çəkilmiş bu cavabsız suallara aydınlıq gətirilməyincə mərhumun ailəsi və dostları, yaxınları bir ömür şübhənin yaratdığı yolayrıcında qalacaqlar. Necə ki, Azərbaycanda indiyə qədər şübhələrin iç yediyi bu yol ayrıcında qalanlar var... 
Bilənlər bilir ki, Aydın Həsənov uzun illər hüquq-mühafizə orqanlarında, daha sonra hərbi sistemdə məsul vəzifələrdə çalışıb. Polkovnik rütbəsində istefaya çıxandan sonra ölkənin hakimiyyətdə olan avanqard siyasi təşkilatına-Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub. Nüfuzu və hörməti, ölkədə tanınmışlığı və bölgədə ona olan rəğbət bu partiyanın rəhbərliyi tərəfindən nəzərə alınaraq Cəlilabad seçki dairəsindən Milli Məclisə onun namizədliyi verilmiş və opponentlərinə böyük səs üstünlüyü ilə qalib gələn Aidın Həsənov 3-cü çağırış Milli Məclisin üzvü seçilmişdi. 
Yeri gəlmişkən deyək ki, ölkəmizdə parlament seçkilərinə müxtəlif baxışların mövcud olduğunu bilirik və ona görə də o seçkiləri yaxından müşahidə etmiş birisi kimi tam qətiyyətlə demək zorundayam: o, bir çoxları kimi qanunverici orqana təyin olunmamışdı, onu həmyerliləri-cəlilabadlılar elliklə səs verib sözün mütləq mənasında öz ağsaqqalını özünün təmsilçisi seçmişdi. Onu ölkənin ali məclisinə-Milli Məclisin tribunasına sadəliyi, səmimiyyəti, hörmət-izzəti, xeyirxahlığı, kömək üçün əl uzadanın əlindən tutmaqlığı, həmyerlilərinin hər hansı probleminə öz problemi kimi can yandırmağı, onları öz doğmalarından seçməməyi və s. insanpərvər əməlləri gətirmişdi. 
O respublikanın baş prokurorluğunda çalışanda da, respublika baş hərbi komissarlığında işləyəndə də insan amilini başda görürdü və nə edirdisə içdən edirdi. Bir sözlə, onu bircə cümlə ilə xarakterizə etsək belə bir fikir alınar: İnsanlara məhrəm münasibət Aydın Həsənovun həyat kredosu idi. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin də, onun davamçısı İlham Əliyevin də dönməz təbliğatçısı, sədaqətli əskəri idi. Bu dövlət adamlarından daim fəxrlə söz açardı.
Əlbəttə, burası Azərbaycandır. Həyat, yaşam impulsları digər ölkələrdəkindən fərqli döyünən bir ölkəyəyik. Ölkəni fərqli edən isə təbii ki, onun insanlarıdır. Elə mentaliteti ilə də digərlərindən seçilən insanları. Burada bir az tanınanın, hörmət-izzət sahibi olub şöhrət qazananın, bir az irəli gedənin ayaqlarına badalaq vurub da yıxmaq azmış kimi gözügötürməzlik, həsəd, paxıllıq hissinin düşmənçilik hissinə çevrildiyini kim görməyib ki? “İstəyən var, istəməyən var” aforizmi yox yerdən yaranmayıb ki?.. Aydın müəllimin sağlığında son cümlələri ona şamil etmək olmazdı. Çünki o, yalnız yaxşılıqlarla yaşayırdı və o fikrin Aydın müəllimə rəğmən paralel səsləndirilməsi kimsənin ağlının ucundan belə keçməzdi. Amma sonra... 
Onun ölümündən sonra məlum oldu ki, ...içi mən qarışıq o məşum fikrə inanmayanlar yanılırmış... 
O, yatağa düşmüşdü. Gündə bir neçə saat var-gəl edə bilirdi. Analizlərin cavabı isə ailəni sarsıtmışdı-elin və evin ağsaqqalı dünya tibb elminin hələlik çarəsini tam tapa bilmədiyi xəstəliyə mübtəla olmuşdu. Məlum özəl klinikanın baş həkiminin cərrahiyyə əməliyyat təkidindən, məhz bundan sonra Aydın müəllimin hələ uzun müddət yaşayacağı vədindən və inandırmasından sonra ailə bu cərrahi əməliyyata razılıq verib. Və əməliyyat baş tutub. Həmin klinikanın baş həkiminin bundan sonra kimyaterapiya müalicələri başlayıb. Əməliyyata və kimyaterapiya müalicələrinə kifayət qədər vəsait xərcləndiyindən pul tükənir və bundan xəbərdar olan baş həkim öncə verdyi vədə xilaf çıxaraq yeni təklif irəli sürür: Bu bəladan qurtulmağın yeganə yolu xəstəni İsrailə və ya Almaniyaya aparmaqdan keçir... Sual yaranır: Baş həkim nə üçün əvvəlcə xəstəni cağaldacağına söz verir, sonra isə müalicədən imtina edir? 
Müəmmalıdır, deyilmi? Bu sual hələ ki cavabsız qalır. ...Aradan günlər keçəndən sonra müayinəyə başqa həkimlər qoşulur və məlum olur ki, sözügedən klinikanın baş həkimi cərrahi əməliyyatı... yarımçıq edib. Və bir neçə gün keçəndən sonra onu əməliyyat edən həkimlərin diaqnoza əsaslanaraq “hələ uzun müddət yaşayacaq” vədinin, inandırmasının əksinə, xəstə qəflətən dünyasını dəyişir. Daha düşündürücüsü odur ki, bu həkim Aydın müəllimin illərdir tanıdığı bir şəxs olub. Bu müəmmanı burada qoyub bir az qabağa gedək. Və daha bir müəmmalı məqama diqqət edək. 
Aydın müəllimin iki oğlu var. Xaqani və Nəsimi. Verilən bilgiyə görə hər iki oğul müxtəlif hüquq-mühafizə orqanlarında çalışıb. Aydın müəllimin yatağa düşməsindən az öncə əvvəl bir oğlu, daha sonra isə ikinci oğlu subyektiv mülahizələrlə işdən azad olunublar. Bu işdən çıxarılmaların nədəni haqqında isə müvafiq nazirliklərə dəfələrlə müraciət edilsə də, sorğu göndərilsə də Həsənovlar ailəsinə inandırıcı, əsaslı və tutarlı bir səbəb göstərə bilməyiblər. 
Əksinə, daha çox subyektiv mahiyyətli başdansovdu və şablon cavabla kifayətləniblər. Bu ailə də təbii olaraq qardaşların işdən azad edilməsini kiminsə tapşırığı, qərəzi və gizli bir əlin qisasçılığı ilə əlaqələndirirlər. Yenə qayıdaq yazının əvvəlinə - mərhum Aydın müəllimin şəxsiyyətindən, mənəvi keyfiyyətlərindən söz açdığımız sətirlərə. Axı o, çoxsaylı yaxınlarının, dostlarının, eloğlularının birmənalı və qətiyyətlə vurğuladığı kimi, əlindən yaxşılıqdan başqa heç bir şey gəlməyən insandır. Bəs nədən sadə, səmimi, xeyirxah, dürüst bir insana qarşı belə qisasçılıq etdilər? Bu kim ola? 
Ümumiləşdirsək, bu suala onun doğmaları və yaxınları birmənalı olaraq belə cavab verdilər: “Allah rəhmət eləsin, yeri behişt olsun Aydın müəllimin, haqq tərəfdarı, mayası yaxşılıqdan yoğrulmuş bir insan idi. Dövlətçilik məsələlərində öz baxışı olan birisiydi. Hərbçi kimi harda olur-olsun, hər hansı neqativ tendensiyalara qarşı daim barışmaz mövqe sərgiləyirdi. Bir neçə il öncə Milli Məclisdə çox yüksək rütbəli, tanınmış bir məmurun rəhbərlik etdiyi bir qurumda islahatlarla bağlı müzakirələr aparılırdı. O, orada da öz səsini ucaltdı və haqq mövqeyini ortaya qoydu. 
MM-də müzakirə olunan məsələ barədə çıxış edərək o qurumda rüşvət və korrupsiyanın qarşısının alınması üçün konkret təkliflər səsləndirdi. Sonra məlum oldu ki, çuğullar o yüksək rütbəli məmura yarınmaq, ona xoş gəlmək üçün Aydın müəllimin həmin iclasda guya onu hədəfə aldığını deyiblər (o qurum da, o məmurun adı da bizə bəllidir, sadəcə əlimizdə sübut kimi səs və ya əlyazma olmadığından məhkəmə perspektivini nəzərə alıb konkret ad çəkmirik). 
Halbuki MM-dəki o müzakirələr zamanı Aydın müəllim heç bir ad səsləndirmədən digər deputat həmkarları kimi problemi necə həll etməyin mümkün variantlarından bəhs etmişdi. Buna baxmayaraq o gündən sonra ən müxtəlif dairələrdən və səviyyələrdən Aydın müəllimə, onun oğullarına qarşı təzyiq və təqiblər başlamışdı. Deyilənə görə, hətta bir dəfə o məmur ətrafındakılara dərs olsun deyə elə beləcə də deyibmiş: Bundan sonra qoymaram ki, həsənovlardan (Aydın müəllimi və ailəsini nəzərdə tutur) bir kimsə dövlətdən maaş alsın. Çox təəssüf hissi ilə deyək ki, adam doğrudan da dediyini elədi.
Və o yüksək rütbəli məmurun qisasçılıq hissi mərhumu son mənzilə qədər izlədi.” Daha dəhşətlisi isə daha mübhəm olanıdır-mərhumun dostlarının deməsinə görə,Aydın müəllimin cərrahi əməliyyat olunduğu klinikanın baş həkiminin həm də o yüksək rütbəli məmurla çox yaxın münasibəti varmış. Yox, biz şübhə toxumu səpmirik, sadəcə deyiləni deyirik. Əlbəttə, bilirik ki, ağır ittihamdır, odur ki, bunu da deyirik: qərar vermək bizlərə düşməz. Bu, müvafiq orqanların işidir. Bizə yalnız bu mübhəm fikir və olayla bağlı iman və güman arasında vurnuxmaq, uzaqbaşı mülahizə yürütmək qalır ki, bu da üzərinə sirr pərdəsi çəkilmiş qaranlığa işıq salmırsa, daha üstünü susmaq deyilmi?.. 
Hələ bu harasıdır?! Kimsəyə sirr deyil, Azərbaycanda geniş əks-səda doğuran qətllər olub ki, hamının çox yaxşı bildiyi səbəbdən öldürülən insanın çox yüksək vəzifəli olmasına, çox yüksək post tutmasına baxmayaraq dəfnində bircə vəzifəli şəxs belə iştirak etməyib. Düzdü, biz heç vəchlə o qətllərlə Aydın müəllimin dünyasını dəyişməsini eyniləşdirmək və yaxud paralellər aparmaq iddiasından çox uzağıq. Amma aralarında bərabərlik işarəsi qoyulmalı məqamların üstündən keçmək fikrindən də çox uzağıq. Aydın müəllim xeyli müddət yataq xəstəsi oldu, həm cərrahi əməliyyata qədər, həm də cərrahi əməliyyatdan sonra. 
Təəccüb doğuran odur ki, nə bu müddətdə onu yaxından tanıyan YAP rəhbərliyindən, nə partiyadaşlarından, nə də keçmiş deputat həmkarlarından bir nəfər belə onu yoluxub, probleminin olub-olmaması ilə maraqlanmayıb. Axı vaxtilə Aydın müəllim sadalanan qurumlarda təmsil olunan bu insanlarla, üstəlik dövlət qurumlarında yüksək vəzifə tutan bəzi məmurlarla olduqca isti, hətta bəziləri ilə dost münasibətində olmuşdu (Bilməmələrini demələri bəhanə olardı, çünki sabiq deputatın ağır xəstə olması haqqında mətbuatda vaxtaşırı məlumatlar dərc olunurdu). 
Yenə sual yaranır: birdən-birə nə olmuşdu ki, dünənə qədər ona yaxın olan, dost deyən adamlar bir mərkəzdən, bir şəxsdən əmr almış kimi illərlə isti münasibətdə olduqları adamdan üz döndərmişdilər? Əks təqdirdə bu mənəviyyatsızlığı və cılızlığı hara, necə və nəyə yozmaq olar ki, həmin insanlar hətta onun dəfn mərasiminə belə qatılmamışdılar (eynilə bir abzas yuxarıda paralel müqayisə etdiyimiz qalmaqallı qətlin qurbanının dəfnində olduğu kimi). 
Şübhə doğuran bütün bu ağrılı, mübhəm suallar isə bu günə kimi həsənovlar ailəsi üçün açıq qaldığından, yeni suallar doğurmaqda, bu suallardan yaranan şübhələr isə ailə üzvlərinin içini qurd kimi gəmirməkdədir. Suallardan söz düşmüşkən, yetərincə çox oldu, deyilmi? Həm də hələ cavabı verilməyən suallar. Bir halda ki, belədir, onda bu qədər sual cümləsi olan bir yazını biz də elə sualla tamamlamaq istərdik: Nə vaxta kimi?.. Nə vaxta kimi bu suallar cavabsız qalacaq?...
Malik Kərimov
P.S. Redaksiya yazıda səsləndirilən suallara aydınlıq gətirmək üçün mərhum Aydın müəllimin oğlu Xaqani Həsənovla əlaqə yaratdı. O isə “mənim başım yas mərasiminə qarışıb. Atam haqqında nə bilmək istəyirsinizsə, onu bizim elin ağsaqqallarından, dostlarından da soruşa bilərsiniz” dedi. Biz bu yazıdakı sualları sadalayanda “indi yox, başım açılsın, sizin sualları cavablandıraram” söylədi. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024