Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-09-2014, 22:06)
Putin niyə ağladı?

 

Xaliq Kazımlı 

 

Rusiya prezidenti Vladimir Putinin Monqolustanda ağlamasını, daha dəqiqi, göz yaşlarına hakim ola bilməməsini görüntüləyən kadrlar gerçəkdən də unikal və maraqlıydı. 

Hadisə Putinin Monqolustan prezidenti Saxia Elbeqdorjla birgə fəxri qarovul önündə hər iki dövlətin himninin dinlənildiyi rəsmi törən zamanı baş vermişdi. 

Əvvəlcə elə görünürdü ki, Putinin nəfəs yollarında nəsə bir problem var və o özünü asqırmaqdan güclə saxlayır, burnunu da ona görə çəkir, qırışdırır. Ancaq sonradan məlum oldu ki, Putinin burnunu çəkməsinin səbəbi gözlərinin sulanmasıdır. O, əvvəlcə sol, sonra da sağ gözünün yaşını əlinin dalıyla sildikdə və bu mənzərə iri planda göstərildikdə aydın oldu ki, Putin gerçəkdən də ağlayıb. 

Heç kəs bunu Putinin Monqolustan havasına, küləyinə, tozuna allergik reaksiyası kimi qələmə verməyə cəhd etməsin. Belə şey olsaydı, bu hadisə o hava limanında olarkən, yaxud xalçaların üstü ilə irəliləyərkən, əsgərlərlə salamlaşarkən baş verərdi. Amma Putin şərəfinə səsləndirilən himni dinləyərkən emosiyalarını cilovlaya bilmədi. 

Bəs müasir dünyanın ən soyuqqanlı, ən qəddar siyasi liderini ağladan nəydi?

Məkana baxaq. Monqolustan. Bu, bir zamanlar dünyanın ən böyük imperiyasını qurmuş, Koreya yarımadasından Avropanın göbəyinə, Macarıstana qədər irəlililəyərək (özü də at və arabalarla), qarşılarına çıxmış bütün dövlət və xalqları (o cümlədən slavyanları) əsarət altına almış Monqolustandır. Dünyanın ən böyük fatehi titulu hələ də monqol hökmdarı Çingiz xana məxsusdur. Hazırda isə Çindəki Daxili Monqolustan vilayətində yaşayan milyonlarca monqolu saymasaq, müstəqil Monqolustanda cəmi 3 milyon adam yaşayır və kiçik, zəif, hərbi baxımdan iqtidarsız bir dövlətdir. 

O böyük dövlətin varisi olan bugünkü Monqolustanın paytaxtı Ulan-Batorda ondan yüz dəfə güclü Rusiya dövlətinin himnini çalınırdı və Putin öz böyüklüyünün fərqindəydi. 

Güman ki, himn çalınanda tarixi yaxşı bilən Putin özünün Çingiz xandan daha böyük bir lider olduğunu, rusların monqollardan daha yaxşı fatehlər olduğunu düşündü və daxilində bir riqqət fırtınası baş qaldırdı... Ona görə də o, göz yaşlarını tuta bilmədi.

Budur, adi bir rus çilingəri Vladimirin oğlu heç bir kübar nəslin, tanınmış şəcərənin qanını daşımadığı halda dünyanın yarısının hökmdarıdır və bütün dünya ona qarşı birləşsə də, ona bata bilmirlər, əlindən zəncir çeynəyirlər, sammitlərdə, gizli telefon söhbətlərində dalınca danışırlar, asıb-kəsirlər, özü və ölkəsi barəsində cürbəcür planlar qururlar, sanksiyalar tətbiq edirlər, amma onunla bacarmırlar və o, dünyanın ən böyük fatehi Çingiz xanın vətənində rus himni dinləyir. 

Aşağı-yuxarı Putini kövrəldən düşüncə bunlardan ibarət idi. 

Düzdür, ola bilər, Putin monqolların bugünkü halını, azman dövlətdən qalan və Rusiyanın federal subyektlərindən də kiçik və zəif Monqolustanın durumunu, bu dövlətin daha bəstəbəy və ütülü-sığallı lider Elbeqdorjun görkəmini gördükdə “ey gidi dünya, gör o boyda nəhəngliyin yerində nə qalıb” deyə düşünüb və monqollara acıyaraq kövrəlib. Amma bu istisnadır. Putin hazırda ölkəsinin dörd bir yanındakı müstəqil dövlətlərin hamısını monqolların günündə - zəif, dişsiz, vassal, əl buyruqçusu kimi görmək istəyir və belə bir durum onu daxilən sevindirərdi. 

Bəlkə də Putin monqollara baxdı və dünyada heç nəyin, heç bir imperiyanın və dünya fatehinin əbədi olmadığını dərk etdi, ona görə kövrəldi... kim bilir. 

Ancaq fakt bundan ibarətdir ki, dünyanın ən qorxunc dövlətinin odioz hökmdarı emosional ovqata kökləndi və monqol televizyonçularının əməyi sayəsində bütün dünya onun bu halını gördü. 

Buna qədər də Putinin bəzi psixoloji problemlərinin olduğu deyilirdi. Onun qardaş slavyan xalqına – Ukraynaya qarşı bu qədər qəddarlıq göstərməsi, iki xalqın ən sağlam, döyüşkən oğullarını bir-birinə qırdırmasının boşuna olmadığı, mütləq hansısa psixoloji durumun nəticəsi olduğu bildirilirdi. İndi belə görünür ki, ortada doğrudan da nəsə var.

Bununla belə, o, fəxri qarovul və onlarla videokamera önündə göz yaşı axıdacaq qədər kövrək adamdırsa, bundan yalnız sevinmək olar. Təki o göz yaşları timsahın göz yaşlarının eyni olmayaydı...

musavat.com

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024