Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-02-2014, 10:42)
Saakaşvili Azərbaycan hakimiyyətinə qarşı

 

   Sabiq prezidentin nədən üzünün dönməsini siyasi ekspertlər izah etdilər


ABŞ-ın “Cristian Sciense Monitor” qəzeti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidən müsahibə götürüb. “Ukraynada 21-ci əsrin ilk geosiyasi inqilabı baş verir” başlıqlı müsahibədə Saakaşvili Ukraynada və ümumiyyətlə postsovet məkanında baş verən olaylara qiymət verir. Ukrayna küçələrində baş verənləri xarakterizə edən Saakaşvili bunu Qərb və Şərq dünyagörüşlərinin savaşı adlandırır.

“Küçələrdə insanlar korrupsiyaya qarşı çıxış edir və eyni zamanda anlayırlar ki, bu bəla Putinə arxalanan ”Avrasiya İttifaqı" kimi Şərq dünyagörüşünün tərkib hissəsidir. Ölkə başçısı Yanukoviç də Putinə arxalanaraq özbaşınalıqlara yol verir", deyə Saakaşvili qeyd edir. Həmişə olduğu kimi, bu müsahibəsində  o, Putini və “Rusiya neo-imperializmini” postsovet məkanının əsas bəlası kimi göstərir.

Saakaşvili Gürcüstan modelini bütün postsovet məkanına örnək adlandırır. “Yeni hökumətin ilk aylarında qorxurduq ki, bunlar qurduğumuz sistemi dağıdacaqlar, lakin etmədilər. Bu, ondan xəbər verirdi ki, biz möhkəm bir siyasi sistem yarada bilmişik. Hər halda bu sistem Azərbaycandakı sülalə hakimiyyətindən, Rusiyadakı çox zəif demokratiyadan, Ermənistan və Qırğızıstanda olduğu kimi seçicilərə qarşı zorakılıqdan və Orta Asiyadakı əbədi hakimiyyət modelindən daha yaxşıdır.

Bizim yaratdığımız sistem yaşadı - deməli, seçkilərdəki məğlubiyyətimiz daha çox insanların 8 illik hakimiyyətdən yorulmasından irəli gəlirdi, apardığımız islahatları bəyənmədiyindən deyil. Ən azından biz ağrı-acısız hakimiyyət dəyişikliyinin nümunəsini göstərdik. Azərbaycan, Rusiya, Orta Asiya ölkələrinin xalqları üçün bəlkə də mənim hakimiyyətdən getməyim daha maraqla qarşılandı, nəinki həyata keçirdiyimiz islahatlar", - deyə  o, fikrini tamamlayır.

Hakimiyyətdə olduğu dövrdə Azərbaycan iqtidarı ilə dost olan, prezident İlham Əliyevi böyük qardaşı adlandıran Saakaşvilinin bu müsahibədə Azərbaycanı qeyri-demokratik ölkələr sırasında vurğulaması təəccüblü görünməyə bilməz. Nə baş verdi ki, Saakaşvilinin üzü bu cür döndü?

Müstəqil politoloq Natiq Miri hesab edir ki, Mixail Saakaşvilinin Azərbaycanda sülalə hakimiyyətinin olduğunu dilə gətirməsi indiki situasiya ilə bağlıdır. Əslində Saakaşvili hakimiyyətdə olduğu zamanlarda da Azərbaycanda hakimiyyətlə bağlı indi dilə gətirdiyi təəssüratda idi: “Sadəcə olaraq, o, prezident olaraq öz dövlətinin maraqlarını nəzərə alaraq Azərbaycan hakimiyyətinə münasibətdə daim isti davranırdı. O zaman dövlət marağı öndə idi və dövlət marağı Azərbaycan iqtidarı ilə münasibətləri normal saxlamağı tələb edirdi. Çünki Gürcüstan çox sahələrdə Azərbaycandan asılı dövlətdir. Gürcüstanın ayaqda qalması xeyli dərəcədə Azərbaycanla münasibətlərdən asılı idi. Saakaşvili də bunu bildiyi üçün həmin dövrdə Azərbaycan hakimiyyətini qəzəbləndirəcək fikirlər səsləndirmirdi. O bilirdi ki, belə çıxış etmək Gürcüstan üçün ciddi problemlərə yol aça bilər. Ölkəsinin maraqlarını hər şeydən üstün tutan prezident Saakaşvili Azərbaycan hakimiyyətinə xoş gələn açıqlamalar verirdi.

Bugünkü situasiya və Saakaşvilinin statusu isə fərqlidir. Ona görə də o, bir demokrat kimi reallığı dilə gətirir".

Siyasi ekspertin sözlərinə görə, demokratik dünyanın başında duran ABŞ-ın sahib çıxdığı Saakaşvili demokratik dünyada avtoritar rejimləri müdafiə edə bilməz. Müdafiə etsə, bu, onun imicini məhv edər. Bax buna görə də artıq demokrat Saakaşvili müsahibəsində keçmiş postsovet respublikalarındakı siyasi sistemləri olduğu kimi xarakterizə edib. Demokratik dünyanın başında dayanan ölkədə oturan Saakaşvili doğru olanları danışıb. İndiki müasir dünyada əsl demokratlar siyasi rejimlərə olduğu kimi qiymət vermək məcburiyyətindədirlər.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, Saakaşvilinin səsləndirdiyi fikirlər onun həqiqəti gec də olsa etirafıdır: “Uzun müddət Saakaşvili ilə Azərbaycan hakimiyyəti arasında isti münasibətlərin olması təəssüratı var idi. Ancaq bu münasibətlər Gürcüstan dövlətinin maraqları üçün qurulan münasibət idi. Yəni bu əməkdaşlıq demokratik Saakaşvili hakimiyyətinin, Azərbaycan hakimiyyəti ilə dəyərlər üzərində qurduğu əməkdaşlıq deyildi. Saakaşvilinin məlum müsahibəsi də bunu bir daha göstərir.  Azərbaycan hökuməti hər zaman belə siyasət sərgiləyir ki, guya hansısa beynəlxalq güclər Azərbaycan hakimiyyətinə qarşı qərəzlidir, ölkəmizə təzyiq edirlər, obyektiv qiymət vermirlər və.s.  

İndi isə Azərbaycan hakimiyyətinin isti münasibətdə olduğu Saakaşvilinin dilindən bu fikirlərin səslənməsi, ölkədə ailə hakimiyyətinin olması reallığının ifadə olunması, Azərbaycan hakimiyyəti haqqında dünyada formalaşan birmənalı fikrin etirafıdır. Artıq heç bir cəhdlə ölkədəki real vəziyyəti dünyanın diqqətindən yayındırmaq mümkün deyil. Bu baxımdan Azərbaycandakı mövcud vəziyyət hər kəsə bəllidir və qeyri-demokratik ölkələrlə bağlı müzakirələrdə Azərbaycana da istinad edirlər”.(musavat)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024